Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev tərəfindən Prezident Kitabxanasına hüquq elminin inkişafına həsr olunmuş iki mühüm nəşr hədiyyə edilib. Bu nəşrlər — “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” və “Bakı Dövlət Universiteti Hüquq fakültəsi – 95: 1928–2023” kitabları — hüquqi təfəkkürün formalaşması və milli hüquq məktəbinin retrospektiv təhlili baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu nəşrlərdən birincisi — “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitab —Ümummilli liderin hüquq nəzəriyyəsi və hüquq təhsilinə verdiyi töhfələrin elmi əsaslarla araşdırıldığı sistemli tədqiqat işidir. Altı fəsildən ibarət əsərdə Heydər Əliyevin hüquq islahatları, Konstitusiyanın qəbulunda və insan hüquqları elminin formalaşmasında oynadığı tarixi rol, hüquq doktrinasının və hüquq təhsilinin inkişafına verdiyi töhfələr geniş şəkildə təhlil olunur. Kitabda həmçinin Ulu Öndərin bu sahəyə dair fikirləri, hüquq və təhsil mövzusunda söylədiyi kəlamlar da yer alır. Nəşrin son bölməsində Ulu Öndərin irsinin davam etdirilməsi, Prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilib.
İkinci nəşr – “Bakı Dövlət Universiteti Hüquq fakültəsi – 95: 1928-2023” adlı kitab BDU-nun hüquq təhsilində tutduğu mühüm mövqeyi və 95 illik tarixi inkişaf yolunu əhatə edir. Əsərdə fakültənin yaranmasından bu günədək keçdiyi inkişaf mərhələləri, müxtəlif dövrlərdə həyata keçirilən islahatlar, tanınmış alimlərin fəaliyyəti və məzunların dövlət və hüquq sistemindəki rolu ətraflı şəkildə təqdim edilir.
Hər iki nəşrin Prezident Kitabxanasının fonduna daxil edilməsi hüquqşünaslar, tədqiqatçılar və tələbələr üçün əhəmiyyətli elmi-informasiya resursudur. Bu təşəbbüs hüquqi irsin qorunması və müasir hüquq elminin inkişafına dəstək baxımından xüsusi önəm daşıyır.
Əliyev, Zaur Hümbət oğlu. Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı: monoqrafiya / Z. H. Əliyev.- Bakı, 2023.- 142 s.