Xəbərlər

“Qərbi Azərbaycan İrsi” kitabının I cildi Prezident Kitabxanasının fonduna daxil edilib

“Qərbi Azərbaycan İrsi” kitabının I cildi Prezident Kitabxanasının fonduna daxil edilib

“Qərbi Azərbaycan İrsi” kitabının I cildi Prezident Kitabxanasının fonduna daxil edilib

İyunun 24-də "Gülüstan sarayı"nda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

Mərasimdə kitabın ideya müəllifi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək xalqımızın öz tarixinin ən şərəfli dövrünü yaşadığını, qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən, icmanın xəttilə keçirilən mühüm tədbirlərdən Qərbi Azərbaycan tarixinin müxtəlif isitqamətlərini özündə əks etdirən kitablar haqqında məlumat vermişdir. Ədalət Vəliyev bildirib ki, təqdimatı keçirilən “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış alim və ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova da iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasına aid olan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.

Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.

Araşdırmada istinad edilən xəritə kolleksiyaları Berlin Humboldt Universitetinin Coğrafiya Departamentindən, Greifsvald Universitetinin Coğrafiya və Geologiya İnstitutundan, İndiana Universitetinin Elmi Kitabxana Fondundan, ABŞ Milli Konqres Kitabxanasından, Rusiya Coğrafiya Cəmiyyətinin Tarixi kartoqrafiya bölməsindən toplanılıb.

“Qərbi Azərbaycan İrsi” kitabının I cildinin ilk nəşrinin Prezident Kitabxanasının fonduna daxil edilməsi, tarixi faktların etibarlı sənədlərlə təsdiqini təmin etməklə, elmi ictimaiyyət və beynəlxalq auditoriya üçün qiymətli mənbə rolunu oynayır. Bu nəşr həm milli-mədəni irsin qorunmasına, həm də beynəlxalq hüquq müstəvisində Azərbaycan həqiqətlərinin tanıdılmasına əhəmiyyətli töhfə verir. Geniş oxucu auditoriyası, xüsusilə tarixçilər, hüquqşünaslar, tədqiqatçılar və mövzuyla maraqlanan bütün şəxslər üçün nəzərdə tutulmuş bu kitab Prezident Kitabxanasının zəngin fondunda yerləşdirilərək, istifadəçilərə əlçatanlıq və geniş araşdırma imkanları təmin edir.

Kitab haqqında
Qərbi Azərbaycan irsi

Qərbi Azərbaycan irsi

Ələkbərli, Əziz. Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar / Ə. Ələkbərli, S. Hüseynov; Qərbi Azərbaycan İcması.
I cild.- Bakı: Şərq-Qərb, 2025.- 896 s.