Prezident Kitabxanasına Ümummilli lider Heydər Əliyevin siyasi irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yenidən nəşr edilmiş 12-ci cildi daxil olub. Nəşr 1996-cı ilin aprel–may aylarını əhatə edir. Cilddə Ümummilli liderin həmin dövrdə həyata keçirdiyi siyasi fəaliyyət, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən proseslərə münasibəti, həmçinin dövrün mühüm hadisələrini əks etdirən sənədlər və digər materiallar toplanıb.
Çoxcildliyin bu cildində Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları toplanıb. Kitabda hüquqi və demokratik dövlət quruculuğu prosesi, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif istiqamətləri, həmçinin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı məsələlər geniş şəkildə əhatə olunur.
Nəşrdə Prezident Heydər Əliyevin Norveçdə və Lüksemburqda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icra edilməməsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətlər əks olunub. Bununla yanaşı, Laçın, Kəlbəcər və Şuşanın işğalının ildönümləri münasibətilə həmin rayonlardan məcburi köçkün düşmüş əhali ilə görüşlərindəki çıxışları, eləcə də 28 May – Respublika Günü münasibətilə Respublika sarayında söylədiyi geniş nitq də cildə daxil edilib.
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 12-ci cildi Azərbaycanın müstəqillik tarixinin mühüm bir mərhələsini öyrənmək baxımından dəyərli mənbələrdən biridir. Nəşr tədqiqatçılar, tarix və siyasi proseslərlə maraqlanan oxucular, eləcə də geniş auditoriya üçün 1990-cı illərin mürəkkəb ictimai-siyasi mənzərəsini, qəbul olunan qərarların mahiyyətini və Heydər Əliyevin dövlətçilik strategiyasını daha dərindən anlamağa imkan yaradır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
12-ci kitab: aprel, 1996 - may, 1996. - Bakı: Azərnəşr, 2026.- 400 s.