Prezident Kitabxanasının fondları Azərbaycanın dövlətçilik tarixi, şəhər mədəniyyəti və mənəvi irsi ilə bağlı dəyərli nəşrlərlə zənginləşib. Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyeva müəllifi olduğu iki kitabı – “Azərbaycan bayrağı” və “Из истории суфизма в Азербайджане (на основе эпиграфических памятников)” eləcə də, Dənizkənarı Bulvar İdarəsinin nəşri olan “Bakı bulvarı” (ideya müəllifi Könül İmamverdiyeva) kitabını Prezident Kitabxanasına hədiyyə edib.
“Azərbaycan bayrağı” monoqrafiyasında ölkəmizin dövlət rəmzinin formalaşması, müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraq ənənələri, simvolik məna və rəmzlərin tarixi əsasları geniş şəkildə araşdırılır. Kitabda həmçinin Dövlət Bayrağı Muzeyinin yaradılması, onun fəaliyyəti və ekspozisiya siyasəti də geniş şəkildə təqdim edilir.
“Bakı bulvarı” fotoalbomu isə Dənizkənarı Milli Parkın formalaşması və inkişaf dinamikasını əks etdirir. Arxiv fotosənədlərinə əsaslanan bu nəşr bulvarın XIX əsrin sonlarından müasir dövrədək keçdiyi mərhələləri, şəhərsalma dəyişikliklərini və ictimai məkan kimi rolunu tarixi fotoşəkillər vasitəsilə təqdim edir.
Rus dilində nəşr olunmuş “Из истории суфизма в Азербайджане (на основе эпиграфических памятников)” monoqrafiyası isə Azərbaycan ərazisində sufizmin yayılması və fəaliyyətini epiqrafik abidələr əsasında xronoloji ardıcıllıqla araşdırır. Müəllifin geniş epiqrafik materiallara əsaslanan tədqiqatı sufi mərkəzlərinin yayılma coğrafiyasını və fəaliyyət dövrlərini elmi cəhətdən əsaslandırır. Eyni zamanda, monoqrafiyada XIX əsrdə, xüsusilə Şimali Azərbaycanda sufizmin siyasi xarakter alması və xalq-azadlıq hərəkatının ideoloji dayağına çevrilməsi arxiv sənədləri əsasında təhlil edilir. Bu tədqiqat əsəri dini-mənəvi və ictimai-siyasi proseslərin qarşılıqlı təsirini anlamaq üçün vacib mənbədir.
Bu nəşrlərin Prezident Kitabxanasına təqdim olunması həm fondun tematik müxtəlifliyinin artırılması, həm də milli-mədəni irsin elmi əsaslarla öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün etibarlı və əhatəli mənbə rolunu oynayır.