Prezident Kitabxanasının fonduna Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov tərəfindən “Azerbaijan and Armenian Issue in the Caucasus” (“Qafqazda Azərbaycan və Erməni Məsələsi”) adlı qiymətli kitab hədiyyə olunub.
Kitab Azərbaycanın Şimali Qafqazdakı tarixi ərazilərini araşdırır və qədim əlyazmalar, eləcə də müxtəlif tarixi mənbələrin geniş təhlilinə əsaslanır. Müəllif 400-dən çox mənbəyə istinad edərək qədim dövrdən orta əsrlər və sonrakı tarixə qədər bölgənin inkişafını təqdim edir. Araşdırmada qədim Suriya, fars, yunan, Roma, gürcü, erməni, ərəb və müsəlman, Osmanlı, rus, Avropa və Amerika mənbələri, eləcə də arxiv sənədləri və yazışmalar istifadə olunub.
Tədqiqatda erməni və Qafqaz tarixi üzrə mütəxəssislərin rəylərinə istinad edərək erməni orta əsr mənbələrinin etibarlılığı kritik baxımdan qiymətləndirilir. Müəllif göstərir ki, bir çox mənbə son dövrlərdə əlavə edilmiş məlumatlar və ya tərcümə və köçürmələr nəticəsində saxtalaşdırılmışdır və bu səbəbdən elmi istinad kimi etibarlı sayıla bilməz. Buna baxmayaraq, bəzi erməni və xarici alimlər, elmi-tədqiqat mərkəzləri və tədris müəssisələri regionun tarixi ilə bağlı fikir formalaşdırmaq məqsədilə bu mənbələrə əsaslanmağa davam edirlər.
Kitab erməni təbliğatının əsrlərlə formalaşmış strategiyalarını, digər xalqların mədəni və tarixi irsinin mənimsənilməsi məqsədilə istifadə edilən ideoloji və tarixi yanaşmaları ifşa edir. Təqdim olunan sübut və faktlar Azərbaycanın tarixi ilə bağlı saxta hekayələri sistemli şəkildə təkzib edir və orta əsr müəllifləri ilə yanaşı, Azərbaycana qarşı yönəlmiş digər mənbələrdəki saxtalaşdırmaları üzə çıxarır.
Bu nəşr Prezident Kitabxanasının fondu üçün dəyərli resurs olmaqla yanaşı, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün Qafqaz tarixinin obyektiv və elmi əsaslarla öyrənilməsi üçün mühüm mənbə rolunu oynayır.
Huseynov, Rizvan. Azerbaijan and Armenian Issue in the Caucasus / R. Huseynov.- Baku: Şərq-Qərb, 2025.- 448 p.