AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Nazim Məmmədov müəllifi olduğu, ingilis dilində nəşr edilən “Heydər Əliyev və Qarabağın inkişaf strategiyası (1960-cı illərin sonları — 1980-ci illərin əvvəlləri)” adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib.
Nəşrdə Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Qarabağın 1960-cı illərin sonlarından 1980-ci illərin əvvəllərinə qədərki tarixi hərtərəfli araşdırılır. Müəllif bu dövrün ictimai-siyasi, iqtisadi və mədəni proseslərini ardıcıllıqla təhlil edir və oxucuya həmin mərhələnin ümumi mənzərəsini təqdim edir.
Kitabda xüsusilə 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin respublikanın rəhbərliyinə gəlişi ilə başlanan mərhələ ön plana çıxarılır. İdarəetmə sistemində aparılan islahatların, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və milli dirçəlişin Qarabağın inkişafına verdiyi təsirlər faktlarla göstərilir.
Nəşrdə, həmçinin 1970-ci illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və bu məsələdə Ümummilli lider Heydər Əliyevin sərgilədiyi qətiyyətli mövqe xüsusi diqqətlə işıqlandırılır. Müəllif həmin dövrdə milli oyanışın güclənməsi və regionda sabitliyin qorunması ilə bağlı məqamları da önə çəkir.
Müəllifin araşdırmaları Qarabağın tarixinin dərindən öyrənilməsinə və Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş inkişaf strategiyasının daha dolğun dərk edilməsinə xidmət edərək, həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün dəyərli mənbə rolunu oynayır.
Mammadov, Nazim. Heydar Aliyev and the development strategy of Karabakh: late 1960s - early 1980s / N. Mammadov; Azerbaijan National Academy of Sciences Institute of History named after A.A. Bakikhanov.- Baku, 2025.- 328 p.