Fövqəladə və Səlahiyyətli Səfir, 2-ci dərəcə dövlət müşaviri, hüquq elmləri doktoru, professor Namiq Əliyev tərəfindən Prezident Kitabxanasına 17 adda 31 nüsxə kitab və 4 ədəd elmi jurnal hədiyyə olunub.
Prezident Kitabxanasının fondlarına daxil edilən nəşrlər beynəlxalq hüquq, beynəlxalq münasibətlər, diplomatiya, siyasi analitika, müasir geosiyasi proseslər, dövlət suverenliyi, konstitusion-hüquqi məsələlər və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir. Hədiyyə olunan əsərlərdə, eyni zamanda, XIX-XX əsrlərdə Cənubi Qafqazda baş vermiş siyasi-hüquqi proseslər, beynəlxalq müqavilələr, ermənilərin köçürülməsi məsələləri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının hüquqi aspektləri, sülh prosesi və müasir qlobal çağırışlar kontekstində dövlətin xarici siyasət prioritetləri işıqlandırılır.
Nəşrlərdə beynəlxalq münasibətlərin inkişaf dinamikası, qlobal siyasi proseslər, COP29 çərçivəsində beynəlxalq əməkdaşlıq məsələləri və elmi konfrans materialları ilə yanaşı, Azərbaycan-Gürcüstan əlaqələrinin dil və kommunikasiya aspektlərini əhatə edən lüğət və danışıq vəsaitləri də öz əksini tapır. Prezident Kitabxanasına hədiyyə edilən elmi jurnallarda isə hüquq və politologiya sahələrinə dair aktual elmi araşdırmalar, nəzəri yanaşmalar və beynəlxalq təcrübələr yer alıb.
Hədiyyə olunan nəşrlər kitabxananın elmi-informasiya resurslarının zənginləşdirilməsi, hüquq, beynəlxalq münasibətlər, siyasi elmlər və regional araşdırmalar sahələri üzrə tədqiqat imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Tədqiqatçılar, mütəxəssislər, müəllim və tələbələr, eləcə də aidiyyəti istiqamətlər üzrə maraq göstərən oxucular üçün bu nəşrlər etibarlı elmi mənbə kimi önəm daşıyır.
Prezident Kitabxanası kitab və jurnalların təqdim olunmasına görə professor Namiq Əliyevə təşəkkürünü bildirir.