Prezident Kitabxanası görkəmli dövlət xadimi, Azərbaycanda səhiyyənin və tibb elminin inkişafında mühüm rol oynamış Əziz Əliyevin anadan olmasının ildönümü münasibətilə “Əziz Əliyev” adlı virtual sərgini oxucuların istifadəsinə təqdim edib. Virtual sərgi XX əsr Azərbaycan dövlətçilik tarixində silinməz iz qoymuş bu böyük şəxsiyyətin çoxşaxəli ictimai-siyasi, elmi və təşkilati fəaliyyətinin əhatəli mənzərəsini yaratmaq məqsədi daşıyır.
Sərgidə təqdim olunan nəşrlər və arxiv materialları Əziz Əliyevin Azərbaycan və Dağıstanda dövlət idarəçiliyində, səhiyyə sisteminin formalaşdırılmasında, elm və təhsilin inkişafında, eləcə də Böyük Vətən müharibəsi illərində və müharibədən sonrakı dövrdə göstərdiyi fəaliyyətin əsas istiqamətlərini əhatə edir. Bu mənbələr onun dövrünün mürəkkəb ictimai-siyasi proseslərində tutduğu mövqeyi, rəhbərlik prinsiplərini və xalq qarşısında daşıdığı məsuliyyəti aydın şəkildə əks etdirir.
Virtual sərgidə yer alan elmi-tədqiqat əsərləri, xatirələr, konfrans materialları, rəsmi sənədlər və biblioqrafik qaynaqlar Əziz Əliyevin şəxsiyyətini həm dövlət xadimi, həm də böyük ziyalı, elmə və milli-mənəvi dəyərlərə bağlı ictimai lider kimi təqdim edir. Bu nəşrlər vasitəsilə oxucu onun Naxçıvan, Təbriz, Dağıstan və ümumilikdə Azərbaycan tarixində oynadığı rolu daha dərindən dərk etmək imkanı qazanır.
Virtual sərgi tədqiqatçılar, tarixçilər, tələbələr və geniş oxucu auditoriyası üçün qiymətli elmi və maarifləndirici mənbə olmaqla yanaşı, milli dövlətçilik tariximizin görkəmli simalarının irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərgi oxuculara zəngin mənbələr əsasında tarixi şəxsiyyətin fəaliyyətini obyektiv və hərtərəfli öyrənmək imkanı yaradır.
Görkəmli dövlət xadimi, Azərbaycanda səhiyyənin, tibb elminin istedadlı təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin fəaliyyət göstərdiyi dövr əsr tariximizin ən mürəkkəb, ziddiyyətli dövrlərindən birinə təsadüf edir. Lakin Əziz Əliyevin daxilində elə…