Görkəmli dövlət xadimi, Azərbaycanda səhiyyənin, tibb elminin istedadlı təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin fəaliyyət göstərdiyi dövr əsr tariximizin ən mürəkkəb, ziddiyyətli dövrlərindən birinə təsadüf edir. Lakin Əziz Əliyevin daxilində elə böyük bir xalq məhəbbəti, vətən sevgisi var idi ki, o, bu çətin dövrlərin özündə də məhz xalqa, vətənə xidmət etməyi bacarmışdı və həqiqətən, böyük xidmətlər göstərmişdi. Tanınmış tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətinə müraciət etmək zamanın və nəsillərin varisliyini təmin etməyin, ən yaxşı milli ənənələrimizi qoruyub saxlamağın çox mühüm şərtidir.