Xəbərlər

Prezident Kitabxanasına Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri hədiyyə edilib

Prezident Kitabxanasına Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri hədiyyə edilib

Prezident Kitabxanasına Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri hədiyyə edilib

Prezident Kitabxanasının fondları XIII əsr görkəmli Azərbaycan alimi, filosof və ensiklopedist Mühəmməd Nəsirəddin Tusinin elmi-fəlsəfi irsində mühüm yer tutan “Əxlaqi-Nasiri” əsəri ilə zənginləşdirilib. Şərq xalqlarının elm-maarif və pedaqoji fikir tarixində əxlaq nəzəriyyəçisi kimi tanınan alim bu əsəri ilə Orta və Yaxın Şərqdə formalaşmış əxlaqi-fəlsəfi fikirlərə sistemli yanaşma gətirmişdir.

“Əxlaqi-Nasiri” əsərində Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din və ictimai münasibətlər haqqında dolğun etik-fəlsəfi təsəvvürləri əks olunub. Əsər klassik Şərq əxlaq fəlsəfəsinin ümumiləşdirilmiş icmalı olmaqla yanaşı, müəllifin orijinal elmi baxışlarını da əks etdirən fundamental mənbədir.

Alim bu əsərdə özündən əvvəl Orta və Yaxın Şərqdə hökm sürən əxlaqi-fəlsəfi fikirləri sistemləşdirərək onların yığcam icmalını təqdim etmiş, eyni zamanda şəxsi elmi qənaətlərini irəli sürmüşdür. Bu xüsusiyyətlər əsərin son yeddi yüz il ərzində fars dilində analoqunun yaranmamasını izah edir.

Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı kimi qəbul edilən “Əxlaqi-Nasiri” müasir cəmiyyət həyatında da aktuallığını qoruyan mövzulara diqqət çəkmək baxımından əhəmiyyətlidir. Nəfis tərtibatı və zəngin miniatürləri ilə nəşr edilmiş kitab Prezident Kitabxanasının fondlarında klassik elmi-fəlsəfi irsin qorunması və oxuculara təqdim olunması baxımından dəyərli mənbədir.

Kitab haqqında
Əxlaqi-Nasiri

Əxlaqi-Nasiri

Tusi, Nəsirəddin. Əxlaqi-Nasiri / N. Tusi; fars dilindən tərc. R. S. Sultanov; red. R. O. Sadıxov; Heydər Əliyev Fondu.- Bakı, 2025. - 528 s.