Tarixdən səhifələr

Vətəndaşlıq haqqında Qanun (11 avqust 1919- cu il)

Vətəndaşlıq haqqında Qanun (11 avqust 1919- cu il)

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə müstəqilliyini elan etdikdən sonra, dövlət quruculuğunun hüquqi əsaslarını formalaşdırmaq məqsədilə mühüm normativ sənədlər qəbul etmişdir. Bu hüquqi sənədlər sırasında vətəndaşlıq institutunun təsbit olunması xüsusi əhəmiyyətə malik idi. Dövlətin subyektliyini təmin edən əsas meyarlar sırasında yer alan vətəndaşlıq anlayışı Azərbaycan Xalq Cümhuriyyətində ilk dəfə hökumətin 1918-ci il 23 avqust tarixli qərarı ilə qəbul edilən “Azərbaycan vətəndaşlığı haqqında Əsasnamə”də əksini tapmışdır.

Əsasnaməyə görə, 1914-cü il iyulun 19-dək Azərbaycan ərazisində yaşamış və hər hansı inzibati və ya ictimai qurum tərəfindən qeydiyyata alınmış şəxslər, habelə Azərbaycan vətəndaşından doğulmuş, ölkə daxilində beş ildən artıq müddətdə məskunlaşmış şəxslər Azərbaycan vətəndaşı hesab edilirdilər. Əlavə olaraq, xarici ölkə vətəndaşı Azərbaycan vətəndaşı ilə nikaha daxil olduqda, avtomatik olaraq Azərbaycan vətəndaşlığı əldə edirdi. Əsasnamə Azərbaycan vətəndaşının eyni vaxtda başqa dövlətin vətəndaşı ola bilməyəcəyini də təsbit edirdi. Bu, o dövr üçün müasir dövlətlərdə rast gəlinən milli hüquqi standartlara uyğun bir yanaşma idi.

Əsasnamədə siyasi hüquqlar yalnız Azərbaycan vətəndaşlarına şamil edilirdi. Mərkəzi və yerli idarəetmə orqanlarına seçmək və seçilmək hüququ, dövlət qulluğuna qəbul olunmaq, həmçinin ölkənin ictimai-siyasi həyatında iştirak etmək yalnız vətəndaşlıq hüququ ilə təmin olunurdu. Hökumətə xarici vətəndaşları dövlət qulluğuna dəvət etmək hüququ verilmişdi. Xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığına keçməsi məsələlərinin ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulmuşdu.

Lakin 1919-cu il 11 avqust tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul olunmuş “Azərbaycan vətəndaşlığı haqqında Qanun”la hökumətin qəbul etdiyi Əsasnamə qüvvədən düşdü və vətəndaşlıq hüququnun əsasları daha təfərrüatlı və dəqiq hüquqi çərçivədə təsbit olundu. Yeni qanun dövlət-vətəndaş münasibətlərini daha sistemli şəkildə nizama saldı. Qanuna əsasən, Azərbaycan vətəndaşından doğulmuş uşaqlar, Azərbaycan vətəndaşı ilə evlənmiş xarici vətəndaşlar, eləcə də Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş, 17 yaşı tamam olmamış xarici şəxslər Azərbaycan vətəndaşı hesab edilirdilər. Bu yanaşma, beynəlxalq hüququn o dövrdə qəbul edilən ius sanguinis (qan əsasında vətəndaşlıq) prinsipinə uyğun idi.

Eyni zamanda, qanun bir sıra xüsusi hallarda xarici vətəndaşların da Azərbaycan vətəndaşlığı əldə etməsini mümkün sayırdı. Məsələn, xarici vətəndaşa ərə getmiş və sonradan boşanmış Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşının xarici vətəndaşla evliliyindən doğulmuş 17 yaşına çatmamış övladı, elmi və ya digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş xarici vətəndaşlar, habelə Azərbaycanda hərbi və ya mülki xidmət göstərən xarici şəxslər Azərbaycan vətəndaşlığına qəbul edilə bilərdilər. Qanun bu cür şəxslərin vətəndaşlıq almasını dövlətin maraqları və xidmətlərinə bağlı formada tənzimləyirdi.

Qanunda vətəndaşlıqdan çıxma və vətəndaşlıq hüququnun itirilməsi qaydaları da konkretləşdirilmişdi. Hər hansı bir Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə, avtomatik olaraq Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Vətəndaşlıqdan çıxmaq istəyən şəxslər isə yerli məhkəmənin inzibati bölməsinə ərizə ilə müraciət etməli və hansı ölkənin vətəndaşlığına keçdiklərini göstərməli idilər. Eyni zamanda, vətəndaşlıqdan çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına yalnız beş il sonra ərizə vermək hüququna malik idi. Özbaşına digər ölkənin vətəndaşlığını qəbul etmiş şəxslər yalnız Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə vətəndaşlığa bərpa edilə bilərdi. Qanunun mühüm müddəalarından biri də vətəndaşlığa qəbul olunan şəxsin dövlətə sədaqət andı içməsi zərurəti idi. Bu andın mətni Əsasnamədə təsbit olunmuşdu və qanunla qüvvədə saxlanılmışdı.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul olunmuş 11 avqust 1919-cu il tarixli “Vətəndaşlıq haqqında Qanun” dövrün hüquqi və siyasi reallıqlarını nəzərə almaqla, dövlətin suverenliyini və hüquqi əsaslarını qorumaq üçün mühüm addım idi. Bu sənəd Azərbaycan Respublikasının vətəndaşlıq siyasətinin ilk konstitusion əsasını formalaşdırmış, milli hüquq sistemində müasir vətəndaşlıq institutunun inkişafı üçün mühüm tarixi başlanğıc nöqtəsi olmuşdur.

Tövsiyə edilən ədəbiyyat:

  1. Əmrahov, Ziyad Cümşüd oğlu. Azərbaycan Parlamentarizmi tarixi - 100 / Z. C. Əmrahov; elmi red. A. İsgəndərli; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm və təhsil, 2018.- 268 s.
  2. Mustafa, Nazim. Azərbaycan Xalq Cümhuriyyəti işığında: 1918-1920: araşdırmalar, məqalələr / N. Mustafa.- Bakı: Ulu İKF, 2018.- 256 s.
  3. Mahmudov, Yaqub Mikayıl oğlu. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920): Azərbaycan xalqının tarixinin parlaq səhifəsi /Y. Mahmudov ; AMEA, Tarix İn-tu. - Bakı: Turxan NPB, 2020. - 158 s.