Tarixdən səhifələr

“Tərəqqi” qəzetinin ilk nömrəsinin nəşri

“Tərəqqi” qəzetinin ilk nömrəsinin nəşri

“Tərəqqi” qəzeti Azərbaycan mətbuat tarixində müstəsna bir yer tutan, qısa, lakin təsirli ömrü ilə yadda qalan nəşrdir. Milyonçu Murtuza Muxtarovun maliyyə dəstəyi yaranan bu qəzet, özünü "Hürriyyət, müsavat, ədalət" şüarı altında təqdim edərək cəmiyyətdə radikal dəyişikliklərə səbəb olmuşdur. 1908-ci il iyunun 8-də Bakıda nəşrinə başlayan “Tərəqqi” qəzeti, Azərbaycan jurnalistikasında dönüş nöqtəsinə çevrildi. Qəzetin ilk dövrlərində həftədə 5 dəfə, daha sonra isə gündəlik çıxması onun oxucu kütləsi arasında yüksək populyarlıq qazandığının əyani sübutudur.

Qəzetin ilk baş redaktoru — görkəmli maarifçi və publisist Əhməd bəy Ağaoğlu idi. O, liberal Avropa ideyalarını Şərq cəmiyyətinə tətbiq etməyə çalışan nadir simalardan biri kimi, "Tərəqqi"nin mövqe və məzmununa öz mühürünü vurdu. Məhəmməd Əmin Rəsulzadə, bu qəzetə verdiyi dəyəri “Azərbaycanda ilk Avropa tipli qəzet” kimi səciyyələndirməklə ifadə etmişdi. Rəsulzadənin qəzetdə dərc olunmuş 100-dən çox məqalə və yazısı, həm siyasi, həm də publisistik düşüncə baxımından bu nəşrin səviyyəsini göstərir.

“Tərəqqi”nin ətrafında dövrün tanınmış fikir adamları toplaşmışdı: Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları. Bu adlar təkcə mətbuat yox, ədəbiyyat, siyasət və elm sahələrinin aparıcı nümayəndələri idi.

1909-cu ilin iyun ayında Ə. Ağaoğlunun Türkiyəyə köçməsi ilə qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov oldu. Onun rəhbərliyi dövründə "Tərəqqi" daha da zənginləşdi və ideoloji yükünü dərinləşdirdi. Hacıbəyovun 150-dən artıq məqaləsi – istər siyasi icmallar, istər elmi-pedaqoji təhlillər, istərsə də felyetonlar – qəzetin intellektual çəki mərkəzini təşkil edirdi.

Qəzetin səhifələrində klassik Avropa ədəbiyyatına da yer verilirdi. Nikolay Qoqolun “Şinel” hekayəsi Azərbaycanda ilk dəfə məhz Ü. Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdu. Bu hadisə qəzetin təkcə publisistika ilə kifayətlənmədiyini, bədii və tərcümə ədəbiyyatına da önəm verdiyini göstərir.

1909-cu il oktyabrın 6-da qəzetin 434-cü nömrəsi ilə nəşri dayandırıldı. Bu, əsasən maliyyə çətinlikləri və mürəkkəb siyasi vəziyyətlə bağlı idi. Lakin “Tərəqqi” qısa müddətdə modern mətbuatın təşəkkülü, maarifçilik və milli kimlik təbliği baxımından çox böyük bir rol oynamışdır.

Qəzetin nəşri dayansa da, onun mirası sonrakı illərdə “Açıq söz”, “İqbal”, “Yeni fikir”, “Azərbaycan” kimi qəzetlərdə ideya və üslub baxımından davam etdirilmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı ; red. A. Bayramoğlu. I hissə : 1875-1920. - Bakı : Elm və təhsil, 2009. - 296 s.
  2. Azərbaycan çap mətbuatı tarixinin inciləri: 1875-1920 = Historical Gems of Azerbaijani Press : 1875-1920. - Bakı : Şərq-Qərb, 2020. - 160 s.
  3. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.
  4. Azərbaycan mətbuat tarixi antologiyası / red. heyəti: Ə. Həsənov, V. Səfərli, Ə. Ə. Amaşov, tərt., elmi red.: Ş. Q. Vəliyev, N. Q. Yaqublu. I cild. - Bakı : Elm və təhsil, 2010. - 440 s.