Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti Oqtay Kazımi
Azərbaycan Respublikasının Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub. O, 1950-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyir. 1957-ci ildə Oqtay Kazımi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olur, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirir.
1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoyan Oqtay Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayır. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, Piano və orkestr üçün poema-konsertin, Xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyasının”, Təntənəli uvertüranın, Xor və simfonik orkestr üçün “Trilogiya”nın, kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Oqtay Kazıminin yaradıcılığında mahnı janrı xüsusi yer tutur. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında unudulmayan və hər zaman sevilən mahnılar sırasına daxildir. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanmışdır.
O, ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə Oqtay Kazımi "Eksperiment" estrada orkestrini yaradır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. Bəstəkarın mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır.
Oqtay Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O, Azərbaycanda ilk rok operanın müəllifidir.
Azərbaycan musiqisinin inkişafına mühüm töhfələr vermiş Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Səfərova, Zemfira Yusif qızı. Azərbaycanın musiqi elmi: XIII-XX əsrlər /Z. Səfərova ; red. S. Aslanova. - Bakı: Azərnəşr, 2006. - 544 s.
- XX əsrin Azərbaycan musiqisi: [məqalələr toplusu] ; elmi red. və tərt. A. Tağızadə (ön söz müəl.) ; redkol. N. Mehdiyeva ; Ü. Hacıbəyov ad. Azərb. Dövlət Konservatoriyası, Musiqi tarixi kafedrası. - Bakı: [s. n.], 1994. - 200 s.