Sənətşünas alim Məhəmməd Ağaoğlu
Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini mədrəsədə aldıqdan sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin ildə Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Burada o, qədim Şərq incəsənəti, ədəbi-fəlsəfi fikri ilə yaxından tanış olmuş, bu sahələrə marağı elmi tədqiqat meyli ilə tamamlanmışdır.
1916-cı ildə universiteti bitirən Məhəmməd Ağaoğlu daha sonra elmi araşdırmaları ilə bağlı bir sıra Şərq ölkələrinə – Türkiyə, Türkistan, İran, İraq, Suriya və Orta Asiyaya səyahət etmişdir. Şərq mədəniyyətini və İslam incəsənətini daha dərindən öyrənmək məqsədilə apardığı bu səfərlər onun elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. 1926-cı ildə Vyana Universitetinin Şərqşünaslıq fakültəsini də tamamlayan alim, filologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Bakıya köçmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd Ağaoğlu ictimai-mədəni quruculuqda fəal iştirak etmiş, xüsusilə muzeyşünaslıq və maddi mədəniyyət nümunələrinin qorunması sahəsində təşəbbüslərlə çıxış etmişdir. Onun təşəbbüsü ilə Bakıda "İstiqbal" muzeyi yaradılmış, arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində bilavasitə iştirak etmişdir. Eyni zamanda, "Qədim abidələrin müdafiəsi Cəmiyyəti"nin yaradılması da onun təşəbbüs və təşviqi nəticəsində mümkün olmuşdur.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə mühacirət edən Ağaoğlu İstanbul Universitetində təhsilini davam etdirmişdir. Şərq dilləri və mədəniyyəti üzrə biliklərini təkmilləşdirmiş, geniş dil bilikləri ilə seçilmişdir. O, Azərbaycan, fars, ərəb, rus, ingilis, fransız, alman, latın və yunan dillərini mükəmməl bilirdi. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
1927–1928-ci illərdə İstanbulda Milli Muzeyin İslam incəsənəti bölməsinə rəhbərlik etmiş, eyni zamanda İstanbul Universitetində incəsənət üzrə professor assistenti kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə “Türk və İslam Əsərləri Muzeyi”nin direktor əvəzi təyin edilmişdir.
1929-cu ildən etibarən ömrünün sonuna qədər ABŞ-da yaşayan Məhəmməd Ağaoğlu burada da elmi fəaliyyətini davam etdirmişdir. Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq incəsənəti bölməsini təşkil etmiş, İslam mədəniyyətinə aid əsərlərlə zəngin sərgilər təşkil etmişdir. Onun təşəbbüsü ilə bu institutda “İslam İncəsənəti Qalereyası” yaradılmış və qısa müddətdə nadir kolleksiyalarla zənginləşdirilmişdir.
1933–1938-ci illərdə Detroyt Universitetində Şərq xalqları mədəniyyəti üzrə kafedraya rəhbərlik etmişdir. Elmi araşdırmalarında əsas diqqətini Azərbaycan, Türkiyə, İran və Orta Asiya xalqlarının incəsənət və memarlıq tarixinin öyrənilməsinə yönəltmişdir. Xüsusilə miniatür sənəti, xalçaçılıq, metal və tekstil sənəti sahəsindəki tədqiqatları bu istiqamətdə aparılmış ən ciddi elmi işlərdən hesab olunur.
Ağaoğlunun 50-dən çox elmi məqaləsi və tədqiqatı ABŞ və Avropanın nüfuzlu elmi nəşrlərində çap olunmuşdur. Onun “İslam İncəsənəti Tarixi”, “XV əsrdə İranda kitab çapı”, “Səfəvilər dövrünün manufaktura və xalçaları” adlı əsərləri İslam və Azərbaycan incəsənət tarixinin öyrənilməsində mühüm mənbələrdən biridir. O, Topqapı sarayı muzeyində və Frir Qalereyasında saxlanılan nadir əlyazmalar və illüstrasiyalar üzərində tədqiqatlar aparmış, onların sənət və tarixi dəyərini üzə çıxarmışdır.
1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində Detroyt İncəsənət İnstitutu və Miçiqan Universitetini təmsil etmişdir. Həmin konqresdə İslam incəsənətinin tədqiqi və təbliği istiqamətində mühüm çıxışlar etmişdir.
Eyni ildə “Ars İslamika” (“İslam İncəsənəti”) adlı elmi jurnal təsis etmiş və bu nəşrin redaktoru kimi fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir. Jurnal qısa zamanda Qərb aləmində İslam sənətinə həsr olunmuş əsas akademik mənbələrdən birinə çevrilmişdir.
Məhəmməd Ağaoğlu 4 iyul 1949-cu ildə ABŞ-ın Detroyt şəhərində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Cabbarlı, Nikpur Mirhüseyn oğlu. Azərbaycan mühacirət nəsri /N. Cabbarlı ; elmi red. Ş. Alışanlı ; AMEA, Nizami adına Ədəbiyyat İn-tu. - Bakı: Elm və təhsil, 2011. - 138 s.
- Əhməd, Dilqəm. Mühacirlərin dönüşü : yeni fotolar və sənədlər / D. Əhməd ; red. Ə. Ş. Tahirzadə. I cild. - II nəşri. - Bakı : TEAS Press, 2017. - 140 s.