Bakının tanınmış memarı İosif Qoslavski
İosif Vikentyeviç Qoslavski 1865-ci ildə Polşanın Varşava şəhərində zadəgan ailəsində dünyaya gəlmişdir. Gənclik illərində Peterburqa köçən Qoslavski burada mühəndis-memar ixtisası üzrə təhsil almış, 1890-cı ildə I Nikolay adına Peterburq Mülki Mühəndislər İnstitutunu müvəffəqiyyətlə bitirmişdir. Onun istedadı və texniki bacarığı nəzərə alınaraq, Rusiya İmperiyası Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə göndərilmişdir.
İosif Qoslavskinin Bakıya ilk gəlişi 1891-ci ilə təsadüf edir. O, memar R. R. Marfeldin layihələndirdiyi və İçərişəhərin yaxınlığında yerləşən Aleksandr Nevski pravoslav kilsəsinin (sonradan “Qızıllı kilsə” adlandırılan) tikintisinə nəzarət üçün şəhərə ezam olunmuşdu. Kilsə ərazisi qədim müsəlman qəbiristanlığı üzərində salınmış, tikintidə baş verən gecikmələrə görə Marfeldə yardım məqsədilə Qoslavski köməkçi təyin edilmişdi. Qısa müddətdə onun təşkiletmə qabiliyyəti və texniki nəzarəti sayəsində tikinti işləri sürətləndirilmiş, layihə uğurla tamamlanmışdı. 1898-ci ildə açılışı baş tutan bu ibadətgah o dövrdə Qafqazın ən böyük pravoslav kilsəsi hesab edilirdi. Sovet dövründə isə bu tikili dağıdılmış və onun yerində hazırda 189 və 190 nömrəli məktəblər fəaliyyət göstərir.
Göstərdiyi səriştə və bacarıq Qoslavskiyə daha böyük məsuliyyətlər qazandırdı. 1892-ci ildə, cəmi 27 yaşında ikən Bakı şəhərinin baş memarı vəzifəsinə təyin olundu. Bu vəzifədə on iki il ərzində onun imzası ilə reallaşan layihələr şəhərin memarlıq simasına ciddi təsir göstərdi. O, XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakının sürətli urbanizasiyası dövründə bir sıra yaşayış, ictimai və sənaye təyinatlı binaların layihəsini hazırlamış, bir çoxunun inşasına şəxsən rəhbərlik etmişdir.
Qoslavskinin fəaliyyəti dövründə ilk iri layihələrindən biri Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə hazırladığı şəhər sarayı olmuşdur. Tikinti 1892-ci ildə başlamış və on il sonra – 1902-ci ildə tamamlanmışdır. Şərq memarlıq elementlərini Avropa klassik üslubu ilə birləşdirən bu bina, hazırda Milli Azərbaycan Tarixi Muzeyi kimi fəaliyyət göstərir. Bu layihə Qoslavskinin Tağıyevlə uzunmüddətli əməkdaşlığının başlanğıcı olmuşdur.
Sonrakı illərdə o, Tağıyevin Poçtovı küçəsində (indiki H.Z.Tağıyev küçəsində) yerləşən ikimərtəbəli yaşayış evini (1893–1895), Mərdəkandakı villasını (1893–1895), Zığ kəndindəki toxuculuq fabrikini (1896–1899), qadın müsəlman məktəbini (1898–1901) və Tağıyev teatrının binasını (1899–1904) layihələndirmişdir. Tağıyev təkcə bu layihələrin sifarişçisi olmamış, eyni zamanda memarın digər təşəbbüslərinə də maliyyə dəstəyi göstərmişdir. Onlardan biri də Bakı Orta Texniki Məktəbinin (indiki ADNSU) əsas binasının inşasıdır.
Qoslavskinin layihələri yalnız özəl sifarişlərlə məhdudlaşmayıb. O, şəhər üçün əhəmiyyətli olan bir sıra ictimai və inzibati binaların da müəllifi olmuşdur. Bunlardan biri 1899-cu ildə inşa edilən və Nizami küçəsində yerləşən İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin binasıdır. 1902-ci ildə isə Teymurbəy Aşurbəyovun sifarişi ilə onun üçün yaşayış evi layihələndirmişdir. Bu tikililərdə o, klassik Avropa memarlığının elementlərini yerli memarlıq ənənələri ilə uğurla sintez etmişdir.
Qoslavskinin son layihəsi isə Bakı Şəhər Duması üçün nəzərdə tutulmuş inzibati bina olmuşdur. Barokko üslubunda hazırlanmış bu layihə 1900–1904-cü illərdə mərhələlərlə həyata keçirilmişdir. Binanın monumental həcmi və incə dekorativ detalları onu Bakı memarlığının ən tanınmış nümunələrindən birinə çevirmişdir. Lakin təəssüf ki, memar bu işi sona çatdıra bilməmiş, vərəm xəstəliyindən əziyyət çəkərək 1904-cü ildə, cəmi 39 yaşında Bakıda vəfat etmişdir. Layihəni onun həmyerlisi, memar İosif Ploşko tamamlamış və bina 1912-ci ildə istifadəyə verilmişdir. Bu gün həmin binada Bakı Şəhər İcra Hakimiyyəti yerləşir.
Qısa, lakin məhsuldar ömür sürən Qoslavski Bakıda keçirdiyi on iki il ərzində şəhərin memarlıq mənzərəsini dəyişmiş, onun siluetinə Avropa klassikasını gətirmişdir. Onun fəaliyyəti yalnız texniki keyfiyyətlə deyil, həm də memarlıqda kontekstual uyğunluq və estetik zövq ilə seçilmişdir. Qoslavski şəhərin mərkəzində inşa etdiyi tikililərlə yanaşı, ətraf kənd və qəsəbələrdə də xeyli layihələrə imza atmışdır.
İosif Qoslavskinin memarlıq irsi Azərbaycan dövlətinin və ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. 31 may 2019-cu ildə Prezident İlham Əliyev və Polşa Prezidenti Andjey Duda Bakıda polyak memarlarının – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak etmiş, onların adlarının əbədiləşdirilməsi məqsədilə şəhərin tarixi məhəlləsindəki küçələrdən birinə “Polşa memarları” adı verilmişdir.
Qoslavskinin Bakıya qazandırdığı memarlıq nümunələri bu gün də şəhərin tarixini daşıyan simvolik obyektlər kimi yaşayır. O, yalnız bir dövrün deyil, bütövlükdə Azərbaycan memarlıq tarixinin dəyərli simalarından biri kimi yaddaşlarda qalır.
Tövsiyə edilən ədəbiyyat:
- Fətullayev-Fiqarov, Şamil Seyfulla oğlu. İ.V. Qoslabski - "Qafqazlı Rastrelli" = И.В. Гославский - "Кавказский растрелли" / Ş. S. Fətullayev-Fiqarov ; layihənin rəh. E. Ə. Qasımzadə ; Azərbaycan Respublikasının Memarlar İttifaqı. - Bakı : Şərq-Qərb, 2013. - 72 s.
- Fətullayev-Fiqarov, Şamil Seyfulla oğlu. Bakı memarları XIX əsrin sonu-XX əsrin əvvəlində /Ş. S. Fətullayev ; layihə rəhbəri E. Qasımzadə ; Azərb. Resp. Memarlıq İttifaqı. - Bakı: Şərq-Qərb, 2013. - 293 s.
- Fatullayev-Figarov, Shamil Seyfulla oghlu. J. V. Goslavsky- "The Caucasian Rastrelli" /Sh. Fatullaev-Figarov ; design N. Novruzov ; Union of Architects of Azerbaijan Republic. - Baku: Sharq-Qarb, 2013. - 67 р.