Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov
Fərrux ağa Məmmədkərim ağa oğlu Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olub. Ailədə dörd uşaq atası olan Məmmədkərim ağa özü də hərbçi idi. O, əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 1877-ci il iyulun 27-də əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə, ona praporşik rütbəsi verilmişdir. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol (indiki Gəncə) quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.
Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür. Doğma kəndi Salahlıda beşsinifli "rus-Azərbaycan məktəbi"ni bitirən Fərrux ağa general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub. 1910-cu il iyunun on altısında Tiflis Kadet Korpusunu əla qiymətlərlə bitirəndən sonra, Sankt Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. O, məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənmiş, xüsusilə topdan bacarıqla atəş açdığı üçün birinci mükafat almışdı. Həmin mükafat İsveçrənin "Pavel Bure" firmasında hazırlanmış qızıl saatdan ibarətdir. Mükafat-saatın arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü il" sözləri həkk olunmuşdur.
Podporuçik Fərrux ağa Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirmiş və 1913-cü il avqustun 6-da Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət etmişdir. Birinçi Dünya müharibəsi başlananda Qərb cəbhəsindəki on birinci aviasiya korpusuna göndərilmişdir.
1916-cı ilin sentyabr ayının 12-də “İlya Muromets” hərbi təyyarəsinə yeni döyüş tapşırığı verilir - hazırda Belarus torpaqları olan Borına kəndi ətrafında cəmləşən alman hərbi qüvvələrinin mövqelərini bombalayaraq düşmənə ağır zərbə endirmək tapşırığı alır. 25 yaşlı həmyerlimiz üçün sonuncu olan bu tapşırıq zamanı Fərrux ağa həyatını itirsə də, göstərdiyi şücaətə görə ölümsüzlüyü qazanır. Havada 4 alman qırıcısı ilə qarşılaşan Qayıbovun təyyarəsi düşmənlə qeyri-bərabər döyüşə girir. 3 alman qırıcısını məhv edən “İlya Muromets” təyyarəsi, aldığı zədələrdən yerə çırpılır. Bundan sonra 4-cü alman təyyarəsi də Qayıbovun açdığı atəşlərdən idarəetməni saxlaya bilməyərək yerə düşür.
Qüvvələr nisbəti fərqli olan döyüşü izləyən almanlar, təyyarəçimizin igidliyinə heyran qalır. Almanlar, düşmən də olsa, “İlya Muromets” təyyarəsinin heyətinin göstərdikləri şücaəti dəyərləndirərək onları öz əsgərləri kimi dəfn edir, hətta təyyarəçilərin məzarı başında yaylım atəşi də açılır. Poruçik Qayıbovun göstərdiyi qəhrəmanlıq 1916-cı ilin Çar Rusiyası mətbuatında, hətta alman qəzetlərində də geniş işıqlandırılıb.
Qısa ömründə şərəfli döyüş yolu keçən Fərrux ağanın qəhrəmanlığı 1915-ci il noyabrın 8-də üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), yenə həmin ilin dekabrın 14-də dördüncü dərəcəli "Müqəddəs Anna" ("İgidliyə görə" yazısı ilə), 1916-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), 1917-ci il yanvarın 26-da ikinci dərəcəli ("Müqəddəs Anna", qılıncla birgə), 1917-ci il martın 14-də üçüncü dərəcəli ("Müqəddəs Anna", qılınc və bantla birgə) və 1917-ci il martın 25-də dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenlərinə layiq görülmüşdür.
Fərrux ağa Qayıbovun dəfn olunduğ yer uzun müddət naməlum olsa da, Birinci Dünya müharibəsi tarixinin araşdırıcısı N. Y. Markov, V. V. Prixaç və A. M. Bumay Boruna kəndi yaxınlığındakı, bərpa edilmiş alman qəbiristanlığında həmin məzarı tapmışlar.
Tövsiyə edilən ədəbiyyat:
- Nəzirli, Şəmistan Əmiraslan oğlu. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov / Ş. Ə. Nəzirli; tərt. O. Bədəlov. - Bakı : Azer-Globe, 2007. - 40 s.
- Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları : tarixi oçerklər / A. Şahbazov ; ön sözün müəl. M. S. Süleymanov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. - Bakı : Maarif, 2020. - 816 s.