Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi
Mirvarid Paşa qızı Dilbazi XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olmuşdur. O, 1912-ci il avqustun 19-da Qazax qəzasının Xanlıqlar (indiki Musaköy) kəndində dünyaya gəlmişdir. Erkən yaşlarında atasını itirən Mirvarid xanım uşaqlıq illərini Daş Salahlı kəndində babası Mustafa ağanın himayəsində keçirmiş, burada zəngin mənəvi mühit onun formalaşmasına ciddi təsir göstərmişdir.
1920-ci illərdə təhsilini davam etdirmək üçün Bakıya gələn Mirvarid xanım burada qız seminariyasında oxumuş, oranı bitirdikdən sonra Biləcəri dəmir yolu məktəbində və digər təhsil ocaqlarında müəllim kimi fəaliyyət göstərmişdir. O, sonradan Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-ictimaiyyət fakültəsində ali təhsil almış, Quba partiya məktəbində dərs demiş, daha sonra isə Bakıya qayıdaraq “Şərq qadını” jurnalında ədəbi fəaliyyətini davam etdirmişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Fondunda şöbə müdiri və Dövlət Nəşriyyatında tərcüməçi kimi də çalışmışdır.
Mirvarid Dilbazinin ilk ədəbi nümunəsi olan “Qadınların hürriyyəti” adlı şeiri 1927-ci ildə çap olunmuş, ilk şeirlər toplusu “Bizim səsimiz” 1934-cü ildə nəşr edilmişdir. Onun poetik yaradıcılığı lirik duyğular, qadın azadlığı, vətən sevgisi və insani dəyərlərin ifadəsi baxımından zəngindir. “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə” kimi poetik topluları Mirvarid Dilbazinin geniş ədəbi palitrasının ifadəsidir. Uşaqlar üçün yazdığı “Nağıllar”, “Kiçik dostlarıma”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” kimi kitablar onun yaradıcılıq spektrində gənc nəslin tərbiyəsinə verdiyi önəmi göstərir.
Mirvarid xanım təkcə şair kimi deyil, həm də bacarıqlı tərcüməçi kimi tanınırdı. O, Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, A.S. Puşkin, T. Şevçenko, N. Tixonov, S. Marşak kimi klassik və müasirlərinin əsərlərini, eləcə də Evripidin “İppolit” faciəsini Azərbaycan dilinə çevirmişdir. Onun əsərləri müxtəlif dünya dillərinə tərcümə olunmuşdur. Bir çox məşhur bəstəkar, o cümlədən Ağabacı Rzayeva onun şeirlərinə musiqi bəstələmişdir. “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Laylay”, “Anam yadıma düşdü”, “Azərbaycan elləri” kimi mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Mirvarid Dilbazinin yaradıcılığı həm də ictimai-siyasi hadisələrlə üzvi bağlılıq nümayiş etdirir. Xüsusilə XX əsrin sonlarında Azərbaycan tarixində baş verən faciəvi hadisələr şairənin poeziyasına güclü təsir göstərmişdir. “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni” şeirləri qaçqın və köçkün taleyini, “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” şeirləri isə 20 Yanvar faciəsini dərin poetik təəssüratla əks etdirən nümunələrdəndir. Bu mərhələdə onun lirik “mən”i təkcə poetik obraz yox, xalqın ağrılarını öz varlığında daşıyan simvolik obraz kimi çıxış edir.
Mirvarid Dilbazinin ədəbi irsi bir neçə janrı əhatə edir: şeirlər, poemalar, pyeslər onun çoxşaxəli fəaliyyətinin sübutudur. “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri onun ədəbi irsinin tematik zənginliyini göstərir. O, həmçinin klassik poeziya ənənələrini müasir poetik dildə davam etdirərək Azərbaycan qadınının mənəvi-ictimai obrazını formalaşdırmışdır.
Görkəmli şairə Mirvarid Dilbazi 2001-ci il iyulun12-də vəfat etmişdir.
Ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar mədəniyyət işçisi, Xalq şairi fəxri adlarına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir. Onun 85 illik yubileyi dövlət səviyyəsində keçirilmiş və mərasimdə Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak etmişdir. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Mirvarid Dilbazinin 100 illik yubileyi rəsmi şəkildə qeyd olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Ağabalayeva, Südabə Ağabala qızı. Zamanla üz-üzə : monoqrafiya / S. A. Ağabalayeva ; red. M. Çəmənli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2013. - 176 s.
- Dilbazi, Mirvarid Paşa qızı. Seçilmiş əsərləri / M. P. Dilbazi ; red. V. Vüqarlı ; bur. məsul Ə. Güləliyev. - Təkrar nəşr. - Bakı : Lider nəşriyyat, 2004. - 280 s.
- Dilbazi, Mirvarid Paşa qızı. Fikir ümmanında : əsərlərindən seçmələr / M. P. Dilbazi ; tərt. P. Məmmədli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : "E.L." NPŞ MMC, 2014. - 532 s.