Akademik Fuad Qasımzadə
Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu il oktyabr ayının 22-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra o, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil almışdır. Fuad Qasımzadə 1952-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin universitetin fəlsəfə ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Əmək fəaliyyətinə 1953-cü ildə, hələ Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alarkən başlayan Fuad Qasımzadə həyatını bu təhsil ocağı ilə bağlamışdır. O, 1955-1967-ci illərdə burada müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1966-cı ildən ömrünün sonunadək kafedra müdiri olmuşdur. Pedaqoji işlə yanaşı o, 1990-1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifəsini tutmuşdur.
Fuad Qasımzadə 1958-ci ildə fəlsəfə elmləri namizədi, 1966-cı ildə fəlsəfə elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan elminin tanınmış nümayəndəsi kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olmuşdur. Alimin bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin yaradıcılığının fəlsəfi-estetik aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə dair araşdırmaları ilə o, fəlsəfi fikir tariximizə layiqli töhfələr vermişdir. Alimin mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən “Kitabi-Dədə Qorqud”un fəlsəfi xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti monoqrafiyalar, dərsliklər və məqalələrdən ibarət 300-ə yaxın nəşrdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında çox sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
Fuad Qasımzadə publisistika sahəsində də uğurla çalışmışdır. O, kütləvi informasiya vasitələrində milli adət-ənənələrimizin, mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanması mövzusunda məqalə və çıxışları ilə müasirlərinin yaddaşında qalmışdır.
Elmi yaradıcılığını tədris prosesi ilə daim uğurlu şəkildə birləşdirən Fuad Qasımzadə altmış ilə yaxın bir müddətdə ictimai elmlərin öyrənilməsi, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması işində öz bilik və bacarığını əsirgəməmişdir.
Fuad Qasımzadə filosofların bir sıra beynəlxalq konqres və simpoziumlarındakı çıxışları ilə zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan fəlsəfi və elmi fikir tarixinin nailiyyətlərinin təbliğinə xidmət göstərmişdir. O, ölkəmizin elmi-mədəni həyatında daim yaxından iştirak etmiş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan təhsili və elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Akademik Fuad Qasımzadə 3 avqust 2010-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Hacıyev, Telman Muxtar oğlu. Müdrik müasirim Fuad Qasımzadə: alimlik və vətəndaşlıq portretinin cizgiləri /T. Hacıyev ; rəyçi B. Nəbiyev ; elmi red. M. Dəmirli ; sponsor Təfəkkür Un-ti. - Bakı: Təfəkkür NPM, 2000. - 88 s.
- Qasımov, Alış Məmiş oğlu. Taleyi tarixə dönən şəxsiyyət: Azərbaycan əsrlərin qovuşağında: tarix və reallıqlar /Alış Qasımov; Elmi red.: Fuad Qasımzadə. - Bakı: Təhsil, 2004. - 240 s.