Arif Nərimanbəyov – Azərbaycan kinooperatorluq məktəbinin görkəmli nümayəndəsi
Azərbaycan kinosunun inkişaf tarixində özünəməxsus yaradıcılıq üslubu və yüksək peşəkarlığı ilə seçilən görkəmli kinooperator, Azərbaycanın Əməkdar incəsənət xadimi Arif Əmirbəy oğlu Nərimanbəyov milli kinooperatorluq sənətinin aparıcı simalarından biridir.
1918-ci il aprelin 13-də Bakı şəhərində anadan olan Arif Nərimanbəyov ziyalı ailəsində böyümüşdür. Atası Əmirbəy Nərimanbəyov Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə Bakı şəhərinin qubernatoru olmuş, lakin 1918-ci ildə xalqımızın bir çox ziyalıları kimi Nargin adasında amansızcasına qətlə yetirilmişdir.
Uşaqlıq illərindən kinoya, xüsusilə foto və kino texnikasına böyük maraq göstərən Arif Nərimanbəyov orta məktəbi bitirdikdən sonra Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olmuşdur. O, təhsilini İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə başa vurmuş və həmin ildən etibarən Bakı kinostudiyasında fəaliyyətə başlamışdır.
Yaradıcılıq fəaliyyətinin ilk mərhələsində sənədli kino sahəsində çalışan operator “Əbədi odlar ölkəsi” və “Zəfər bayramı” (1945) filmlərinin çəkilişlərində iştirak etmişdir. Bu dövr onun peşəkar formalaşmasında mühüm rol oynamışdır. Sonrakı illərdə “Fətəli xan” (1947) və “Bakının işıqları” (1950) filmlərində ikinci operator kimi fəaliyyət göstərərək təcrübəsini daha da zənginləşdirmişdir. Xüsusilə rejissor Yefim Dziqanın quruluş verdiyi “Fətəli xan” filmində Əlisəttar Atakişiyev kimi görkəmli kinooperatorla əməkdaşlığı onun yaradıcılıq inkişafında mühüm mərhələ olmuşdur.
Arif Nərimanbəyovun müstəqil operator kimi ilk böyük uğuru 1955-ci ildə rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi ilə bağlıdır. Bu əməkdaşlıq sonrakı illərdə də davam etmiş və “Qızmar günəş altında” (1957), “Məhəbbət haqqında əfsanə” – “Leyli və Məcnun” (1961) kimi Azərbaycan kinosunun dəyərli nümunələrinin yaranmasına səbəb olmuşdur.
Onun peşəkarlığı bir çox görkəmli rejissorların diqqətini cəlb etmişdir. Arif Nərimanbəyov Arif Babayev, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli və Eldar Quliyev kimi tanınmış sənətkarlarla əməkdaşlıq etmişdir. Xüsusilə Həsən Seyidbəyli ilə “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, Şamil Mahmudbəyovla isə “Qaraca qız”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Bayquş gələndə” filmləri onun yaradıcılıq uğurlarının mühüm hissəsini təşkil edir.
Bədii filmlərlə yanaşı, sənədli kino sahəsində də məhsuldar fəaliyyət göstərən operator “Quba bağlarında”, “Səhər nəğməsi”, “Mingəçevir”, “Gənc leninçilər”, “Bərəkətli torpaq”, “Bakı və bakılılar”, “Azərbaycanın böyük kimyası” və digər filmləri ərsəyə gətirmişdir. Ümumilikdə onun filmoqrafiyası 50-yə yaxın ekran əsərini əhatə edir.
Arif Nərimanbəyovun yaradıcılığı Azərbaycan kinosunun müxtəlif inkişaf mərhələlərini özündə əks etdirir. Onun operator kimi fəaliyyət göstərdiyi filmlər yalnız texniki baxımdan deyil, həm də bədii-estetik cəhətdən yüksək dəyərə malikdir. Operatorun kamerası vasitəsilə həyat hadisələri, sosial ziddiyyətlər və insan taleləri koloritli və inandırıcı şəkildə təqdim olunur.
Onun yaradıcılıq üslubu təbiilik və realizm prinsiplərinə əsaslanır. Kadrın işıq-rəng həllinə həssas yanaşma, geniş və ifadəli panoramlardan istifadə, kompozisiya bütövlüyü və dəqiq rakurs seçimi onun sənətkarlığını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Eyni zamanda, o, portret ustası kimi tanınır, aktyor plastikasına xüsusi diqqət yetirərək personajların daxili aləmini və psixoloji durumunu incəliklə tamaşaçıya çatdırırdı.
Onun yaratdığı ekran dili yalnız dövrün bədii-estetik tələblərinə cavab verməklə kifayətlənmir, həm də müxtəlif zaman kəsiklərini vizual yaddaş müstəvisində birləşdirərək keçmişi müasir tamaşaçı üçün canlı və anlaşıqlı edir.
Görkəmli kinooperator Arif Nərimanbəyov 1992-ci il mayın 16-da ağır xəstəlikdən vəfat etmişdir. Onun zəngin yaradıcılığı Azərbaycan kinosunun inkişaf tarixində mühüm mərhələ kimi bu gün də öz dəyərini qoruyur.
Tövsiyə edilən ədəbiyyat:
- Azərbaycan incəsənət tarixi : 5 cilddə. III cild : Kino : 1898-2018 / A. Ə. Kazımzadə. - Bakı : Şərq-Qərb, 2018. - 488 s.
- Kazımzadə, Aydın Ələsgər oğlu. Kino və zaman: 1923-2016 : Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradıcılıq yoluna həsr olunur /A. Ə. Kazımzadə ; red. A. İsmayıloğlu ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Şərq-Qərb, 2016. - 780 s.
- Кулибеков, Эдхем Абдулхалиг оглы. Киноискусство Азербайджана /Э. А. Кулибеков ; ред. Г. Наджафов, С. Мустафаева. - Баку: Азернешр, 1960. - 114 с.