Tarixdən səhifələr

Şair, dilçi alim və saray ədəbiyyatının görkəmli nümayəndəsı Qətran Təbrizi

Şair, dilçi alim və saray ədəbiyyatının görkəmli nümayəndəsı Qətran Təbrizi

Azərbaycanın bütün Şərqdə şöhrət qazanan şairlərindən biri, saray ədəbiyyatının ilk görkəmli nümayəndəsı Qətran Təbrizidir. Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şadiabadda almış, sonra Təbrizdə oxumuşdur.

O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumu vardı. Bunlardan biri də paytaxtı Gəncədə olan Şəddadilər dövləti idi. Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir. Müsəlman mədəniyyəti qonşu xristian dövlətlərinə məhz buradan yayılır. Şərqin bir çox ölkələrindən alimlər, şairlər, memarlar, sənətkarlar Gəncəyə axışır. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sarayına dəvət olunur və az bir vaxtda böyük nüfuz qazanır. Həmin dövrdə ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu və təbii ki, Qətran da bir çox şeirlərini ona və onunla əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu şeirlərdən çıxış edərək, Qətranın Gəncədə yaşadığı dövrü müəyyənləşdirmək mümkündür. Şerlərindən birində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır. Qətran yaradıcılığını araşdıran alimlərin fikrincə, bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini iddia edirlər. Görünür, şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür. Nasir Xosrov özünün məşhur "Səfərnamə" əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir.

Qətran bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür. Qətran Təbrizi hələ sağlığında ikən istedadlı şair, müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır. Özünün yazdığına görə, onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər.

Qətran "Tövsnamə", "Quşnamə", "Vamiq və Əzra" adlı əsərlərin, habelə əsasən qəsidələrdən ibarət irihəcmli divanın müəllifidir.

XII əsrdə yaşamış Orta Asiya şairi Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə həqiqi şair tanımışdır həkim (müdrik) Qətran Təbrizini.

Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa başlamış və bu sahədə böyük yaradıcılıq uğurları qazanmışdı. Şeir yaradıcılığında əsas yeri dövrün müxtəlif hökmdarlarını tərif edən qəsidələr tutur. Bu əsərlər müasir oxucu və tədqiqatçılar üçün qəsidələrdə mədh olunan qəhrəmanların saraylarında baş verən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir. Misal üçün, Qətran Təbrizinin şerlərində oğuzların Azərbaycana bir neçə yürüşü öz əksini tapmışdır ki, həmin məlumatlar indi bizim üçün böyük əhəmiyyət daşıyır. Onun Təbriz zəlzələsinə həsr olunmuş şeri Qətrana şöhrət gətirmişdir.

Orta əsr mənbələrinə əsaslanan Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Qətran Təbrizi fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı olmuşdur. Bu barədə "Lüğəti-fürs" ("Fars lüğəti") müəllifi, şair və tərtibçi Əsədi Tusi (XI əsr), "Sihahül-fürs" müəllifi Məhəmməd ibn Hinduşah Naxçıvani (XIII əsr) və başqaları yazmışlar.

Orta əsr müəlliflərinin əksər qismi bu lüğəti yaradıcısının adı ilə sadəcə "Lüğəti-Qətran", yaxud "Fərhəngi-Qətran" (hər iki ifadə "Qətranın lüğəti" anlamına gəlir) kimi qeydə alır. Sonralar isə bu lüğət "Təfasir fi lüğatül-fürs" ("Fars dili sözlərinin izahları"), yaxud da qısa şəkildə "Təfasir" ("İzahlar") adlandırılır.

Qətran Təbrizi Azərbaycan və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır.

Qətran 1088-ci ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur şairlər qəbristanlığında dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Sadıqova, Nigar Firuz qızı. Qətran Təbrizinin dövrü, həyatı, tarixi şeirləri : dərs vəsaiti / N. F. Sadıqova ; elmi red. R. Kamal ; Bakı Slavyan Universiteti. - Bakı : Class Print, 2024. - 164 s.
  2. Qasımov, Ramiz Asəf oğlu. Naxçıvan ədəbi mühiti : problemlər, perspektivlər / R. A. Qasımov ; elmi red. İ. Ə. Həbibbəyli ; AMEA Naxçıvan bölməsi. - Bakı : Elm və təhsil, 2018. - 232 s.
  3. Şair və yazıçılarımızın həyatından maraqlı anlar / tərt. M. Soltanov ; red. M. M. Əliyev. - Bakı : "AM 965" MMC, 2010. - 212 s.