Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə
Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, burada orta təhsilini başa vurduqdan sonra 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1947-ci ildə universiteti bitirmişdir. Daha sonra aspiranturada təhsilini davam etdirərək 1950-ci ildə oranı başa vurmuşdur.
1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1950-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində müəllim, dosent və professor kimi fəaliyyət göstərmiş, müasir Azərbaycan ədəbiyyatı üzrə kadr hazırlığı prosesində mühüm rol oynamışdır. 1990-cı ildə təqaüdə çıxmışdır.
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirinin çapı ilə başlamışdır. Sonrakı dövrdə şeirləri, elmi və ədəbi-tənqidi məqalələri dövri mətbuatda müntəzəm olaraq dərc edilmişdir. “Mənim dostlarım” adlı ilk kitabında faşizm üzərində qələbə qazanmış xalqın mənəvi-psixoloji vəziyyəti lirik planda əks olunmuşdur.
Bəxtiyar Vahabzadənin yaradıcılığı Azərbaycan poeziyasında vətəndaşlıq mövqeyinin güclənməsi və fəlsəfi lirikanın inkişafı baxımından səciyyəvidir. Onun şeir və poemalarında insan və zaman, mənəvi dəyərlər, milli kimlik və ictimai məsuliyyət kimi mövzular geniş şəkildə ifadə olunmuşdur. Onun yaradıcılığında mühüm yer tutan əsərlərdən biri 1958-ci ildə qələmə aldığı “Gülüstan” poemasıdır. Bu əsərdə Azərbaycanın tarixi parçalanması və milli taleyi bədii ümumiləşdirmə səviyyəsində ifadə olunmuşdur.
Şairin dramaturji fəaliyyəti də məhsuldar olmuşdur. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” kimi pyesləri uzun illər Azərbaycan teatr səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Bu əsərlərdə müasir cəmiyyətin sosial-mənəvi problemləri, insanın daxili dünyası və ictimai münasibətlər ümumiləşdirilmiş bədii şəkildə əks etdirilmişdir.
Bəxtiyar Vahabzadə yalnız şair və dramaturq kimi deyil, həm də tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında mühüm xidmətlər göstərmişdir. Klassik və müasir Azərbaycan ədəbiyyatının, eləcə də şifahi xalq ədəbiyyatının öyrənilməsi sahəsində apardığı araşdırmalar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan dilinin saflığı və zənginliyinin qorunması onun yaradıcılığında əsas istiqamətlərdən birini təşkil etmişdir.
Onun elmi və ədəbi irsi olduqca zəngindir. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik əsərin və yüzlərlə məqalənin müəllifidir. Eyni zamanda, tarixi və müasir mövzuları əhatə edən 20-dən artıq irihəcmli poemanın müəllifi kimi tanınır. Əsərləri bir çox xarici dillərə tərcümə edilərək geniş coğrafiyada yayılmışdır.
Şairin ictimai-siyasi fəaliyyəti də diqqətəlayiqdir. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olmuş, sonrakı illərdə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətində və Ağsaqqallar Şurasında təmsil olunmuşdur. Müxtəlif çağırışlarda Azərbaycan Ali Sovetinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyət göstərmişdir.
Bəxtiyar Vahabzadə milli azadlıq ideyalarının ifadəsində fəal mövqe nümayiş etdirmişdir. Onun yaradıcılığında azərbaycançılıq məfkurəsi və milli özünüdərk aparıcı istiqamətlərdən birini təşkil edir. 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər” poeması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Onun ədəbi, elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də Bakıda vəfat etmişdir. Onun çoxşaxəli yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir və milli-mədəni yaddaşın formalaşmasında əhəmiyyətli rol oynamaqdadır.
Tövsiyə edilən ədəbiyyat:
- Mirzəyeva, Aida Ramiz qızı. Azərbaycan istiqlal poeziyası: Bəxtiyar Vahabzadənin yaradıcılığı fonunda : monoqrafiya / A. Mirzəyeva ; Beynəlxalq Avrasiya Mətbuat Fondu. - İstanbul : Arab History Publishing, 2023. - 214 s.
- Alməmmədova, Səbinə Məmməd qızı. Bəxtiyar Vahabzadə poeziyasının dili : monoqrafiya / S. M. Alməmmədova ; elmi red. V. M. Arzumanlı. - Bakı : Elm, 2010. - 163 s.
- Hikmət mücrüsü / tərt. F. Əsgərov ; red.: V. Aslan, N. Mustafa. - Bakı : Zərdabi Nəşr MMC, 2025. - 624 s.
- Nəbibəyli, Ziyadxan İsrafil oğlu. Bəxtiyar Vahabzadənin milli-mənəvi portreti / Z. İ. Nəbibəyli ; baş red., ön sözün müəl. T. Ə. Əhmədov ; red. İ. Məmmədli. - Bakı : Ecoprint, 2022. - 164 s.