Tarixdən səhifələr

Azərbaycanın görkəmli hərbi xadimi Vəli bəy Yadigarov

Azərbaycanın görkəmli hərbi xadimi Vəli bəy Yadigarov

Azərbaycanın görkəmli hərbi xadimlərindən biri Vəli bəy Sadıq bəy oğlu Yadigarov 31 oktyabr 1898 - ci ildə Tiflis quberniyasının Borçalı qəzasının Təkəli kəndində zadəgan ailəsində anadan olub. Məşhur Azərbaycan şərqşünası Mirzə Cəfər Topçubaşova qohumluğu çatan atası Sadıq bəy oğlanlarını hərbi məktəblərə qoymuşdur. Vəli bəy Yadigarovun anası isə, Krım tatarı, lakin Polşada doğulan Olqa Koruçibaşeva (Qoruçubaşıyeva) idi. Vəli bəy 1909-cu ildə Tiflis hərbi gimnaziyasına qəbul edilmiş və 1916-cı ilədək burada oxumuşdur.

Vəli bəy 1916-ci ildən Rusiyanın Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməyə başlamışdır. I Dünya müharibəsini Qafqaz Cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir. Bir müddət 1-ci Dağıstan süvari alayında xidmət etdikdən sonra Vəli bəy Artilleriya Zabit Məktəbinə göndərilir. Lakin bolşeviklərin Peterburqda çevrilişi və Rusiyanın parçalanması nəticəsində onun ordusu iflic vəziyyətinə düşür. Bütün Rusiya ərazisində bolşeviklər tərəfindən qurulmuş postlarda keçmiş çar zabitlərini axtarır, onları qətlə yetirirdilər. Min bir əziyyətlə Vəli bəy 1918-ci ilin sentyabrında Azərbaycana gəlir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını sevinclə qarşılayan Yadigarovlar nəslindən 8 nəfər zabit Milli Orduda xidmət etmişdir. Onlardan biri, Vəli bəyin böyük qardaşı Davud bəy Qarabağ və Zəngəzur döyüşlərində göstərdiyi igidliyə görə 1919-cü ildə general-mayor rütbəsinə layiq görülmüşdür. Azərbaycana gələn Vəli bəy də dərhal Milli Ordunun sıralarında xidmət etmək arzusunu bildirir və 3-cü Şəki süvari alayı təşkil ediləndə burada o, eskadron komandiri vəzifəsində çalışmağa başlayır. Vəli bəy Yadigarov 3-cü Şəki Süvari Alayının pərakəndə dəstəsi ilə birlikdə vuruşa-vuruşa Gürcüstan ərazisinə keçib, 1921-ci ilin martına qədər bolşeviklərə qarşı döyüşür. 1921-ci ilin martında Türkiyəyə, 1922-ci ilin payızında Rumıniyaya, oradan isə Polşaya mühacirət edir.

Vəli bəy Yadigarov 1924-1925-ci illərdə Qrudziadzda Polşa Ordusunun Mərkəzi Süvari Zabitləri Məktəbində təhsil alır. 1925-ci ildən "Armiya Krayova" (AK - Polyak Xalq Ordusu) xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və Lancutdakı 10-cu süvari alayının 4-cü eskadronuna komandirlik edir.

Polşa Ordusunun Ali Hərbi Akademiyasında təhsil alan Vəli bəy 1932-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək "rotmistr" rütbəsi ilə Baranoviçi şəhərindəki süvari qərargahına təyin edilir.

Vəli bəy 1933-cü ildə Varşavada “Mustafa Axmatoviç adına tatar-ulan alayının hərbi tarixi oçerki” adlı kitab yazmış və Polşa, Krım, Litva, Rusiya müsəlmanlarının Polşada xidmətini əks etdirmişdir. Kitab 1990-cı ildə Varşavada təkrarən nəşr olunmuşdur. 1936-cı ildə 7-ci Lyublin Ulan alayının komandir müavini olur.

Vəli bəy Yadigarov 1938-ci ildə Vanda Eminoviçlə ailə həyatı qurub, bu evlilikdən Züleyxa adlı (1942-ci il təvəllüdlü) qız övladı olur.

1939-cu ilin sentyabrında Vermaxtın Polşaya hücumu zamanı o, Mazovetski süvari briqadasının qərargah rəisi olmaqla, eyni zamanda, Polşa Ordusunun Ali Hərbi Akademiyasında dərs deyir.

Polşanın müdafiəsi uğrundakı döyüşlərdə Polşa ordusunun böyük bir hissəsi əsir düşür. Əsir düşənlər arasında Vəli bəy Yadigarov da var idi. Amma polyak olmadığı üçün 1940-cı ildə almanlar tərəfindən "auslander" (əcnəbi) kimi azad edilir.

1940-cı ildə Varşavaya qayıdan Vəli bəy mübarizəni dayandırmır. O, 7-ci Lyublin Ulan alayından olan keçmiş hərbçi yoldaşları ilə görüşüb və "Armiya Krayova"ya (AK-Polyak Xalq Ordusu) bağlı olan gizli "Jelen" ("Maral") alayını yaradır. Həmin illərdə Vəli bəy ("Damazy" ləqəbi ilə) və həyat yoldaşı Vanda Eminoviç AK üçün gizli fəaliyyətlərdə iştirak edirlər.

1942-ci ildən "polkovnik-leytenant" rütbəsi ilə Daxili Qoşunların Baş Qərargahında Süvarilər İdarəsinə rəhbərlik edir. 1944-cü ildə Varşava üsyanının təşkilində iştirak edir. 1945-ci ilin yazında artıq "polkovnik" rütbəsi ilə Vəli bəy Yadigarov Polşa generalı Andersin 2-ci korpusunun İtaliyadakı qərargahına ezam olunur.

İkinci vətəni Polşa uğrunda mərdliklə vuruşan Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunları yeridiləndə onlara tabe olmaq istəmir, istefa ərizələri yazır və 1949-cu ildə istefaya çıxaraq Argentinaya yollanır, burada Polşa və Qafqaz mühacirləri cəmiyyətlərinin fəal üzvü olur və ömrünün sonunadək burada yaşayır.

1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Vəfatından əvvəl o, Polşada dəfn olunmağı vəsiyyət edir. Polşa dövləti Vəli bəyin xidmətlərini heç bir zaman unutmur və vəsiyyətini yerinə yetirərək 1990-cı ildə onun və həyat yoldaşının cənazəsini Polşaya gətirərək Varşavadakı "müsəlman-tatar qəbiristanlığı"nda yenidən dəfn edir. Dəfn mərasimi fəxri qarovulun müşayiəti, hərbi orkestrin marş sədaları və yaylım atəşi altında təntənə ilə keçirilir.

Polşa hökuməti Vəli bəyin məzarı üzərinə polyak dilində “Ostatni książę Borçalo” yəni, "Borçalının sonuncu şahzadəsi" sözlərini yazdırıb. Zəngin döyüş bioqrafiyası illərində Vəli bəy Azərbaycanın “İgid nişanı” ordeni, Polşanın 4 ordeni ilə təltif edilmişdir.

Görkəmli sərkərdə, azadlıq uğrunda son nəfəsinədək mübarizə aparan, Azərbaycanı Avropada tanıdan həmyerlimiz Vəli bəy Yadigarovun adı Azərbaycan tarixinə əbədi olaraq yazılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. General Yadigarov qardaşları /Şəmistan Nəzirli; Red: Anar İsabəyli. - Bakı: Şirvannəşr, 2004. - 36 s.
  2. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Güllələnmiş Azərbaycan generalları : portretlər, oçerklər, məqalələr, hekayələr / Ş. Ə. Nəzirli ; red. M. S. Süleymanov. - Bakı : Qələm, 2016. - 704 s.
  3. Нәзирли, Шәмистан Әмираслан оғлу. Азәрбајҹан ҝенераллары / Ш. Ә. Нәзирли ; ред. Т. Мухтарова. - Бакы : Ҝәнҹлик, 1991. - 204 с.