Dünya şöhrətli müğənni Rəşid Behbudov
Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib. Əslən şuşalı olan xanəndə Məcid Behbudov Azərbaycan muğamlarının məşhur ifaçılarından, dövrünün tanınmış şəxsiyyətlərindən olub. Qazaxdan məşhur Vəkilovlar nəslinin nümayəndəsi olan anası Firuzə Abbasqulu qızı Vəkilova ömrünün sonuna kimi Tbilisi məktəblərində rus dili dərsi keçmişdir.
1933-cü ildə məktəbi bitirən Rəşid Behbudov Tbilisi parkında təşkil edilən “Müstaid” yay konsertində ilk dəfə səhnəyə çıxır. İnstrumental ansamblın müşayiəti ilə ifa etdiyi Azərbaycan xalq mahnıları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. Bu uğurlu çıxış onun sənət yolunun başlanğıcını qoyur. Elə həmin il o, Dəmir Yolu Texnikumuna daxil olur, burada müstəqil tələbə orkestri yaradır və solist kimi çıxış edir. Hərbi xidməti illərində ordu ansamblının solisti olan Behbudov sonradan Tbilisidə estrada qruplarından birinin solisti kimi fəaliyyətini davam etdirir.
Gənc yaşlarından Cənubi Qafqazda tanınan və sevilən Behbudov Bakıya qastrol səfəri zamanı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından ifa etdiyi parçaları bəyənən quruluşçu rejissorun diqqətini cəlb edir. Məhz bu ifaya görə o, “Arşın mal alan” filmində Əsgər rolunu oynamağa dəvət olunur. 1943-cü ildə Bakı kinostudiyasında Üzeyir bəy Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən film 1945-ci ildə ekranlara çıxır və qısa müddətdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. Rəşid Behbudovun yaratdığı Əsgər obrazı müğənniyə dünya şöhrəti gətirir, o isə bu rola görə 1946-cı ildə “Stalin” mükafatına layiq görülür.
Rəşid Behbudovun yaradıcılıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir. Yüksək səs tembri və geniş vokal diapazonuna malik müğənninin ifası həm peşəkar, həm də xalq musiqisi üslublarını birləşdirirdi. Onun repertuarında Tofiq Quliyevin mahnıları xüsusi yer tuturdu. Bəstəkarın “Azərbaycan”, “Neftçi mahnısı”, “Züleyxa” kimi əsərləri Behbudovun ifasında xalqın qəlbinə yol tapmış, musiqisevərlərin sevimlisinə çevrilmişdi. O, həmçinin Fikrət Əmirovun “Gülüş”, “Ulduz”, “Sevdiyim yardır” kimi mahnı və romanslarını da böyük ustalıqla ifa edərək Azərbaycan musiqi xəzinəsinə əbədiyaşarlıq bəxş etmişdir.
1946-cı ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərən Behbudov 1953–1960-cı illərdə fasilələrlə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb. O, “Sevil” operasında Balaş obrazını yaradıb, həmçinin “Doğma xalqıma” adlı sənədli filmə çəkilib. 1957-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdindəki Dövlət Konsert Ansamblında fəaliyyətini davam etdirən sənətkar 1968-ci ildə respublikada ilk Mahnı Teatrını yaradıb və ömrünün sonunadək həmin teatrın bədii rəhbəri və solisti kimi çalışıb.
Rəşid Behbudovun ifaçılıq üslubu Azərbaycan vokal məktəbinin yeni mərhələsini formalaşdırdı. Onun səsi bir çox ölkələrin səhnələrində səslənmiş, Azərbaycan musiqisinin təbliğində mühüm rol oynamışdır. Müğənni Bolqarıstan, Polşa, Macarıstan, Finlandiya, İngiltərə, Hollandiya, Fransa, İtaliya, Avstriya, Türkiyə, İran, Hindistan, Misir, Suriya, Efiopiya və digər ölkələrdə qastrol səfərlərində olmuş, 50-dən çox dildə mahnılar ifa edərək Azərbaycanın səsini dünyaya çatdırmışdır.
Behbudovun “Bəxtiyar” filmində səsləndirdiyi “Qızıl üzük”, “Zibeydə”, “İlk məhəbbət mahnısı”, “Sevgi mahnısı” və “Dostluq mahnısı” kimi əsərlər Azərbaycan mahnı sənətinin klassikasına çevrilmişdir. Onun ifası hər zaman səmimiyyət, yüksək zövq və peşəkar ustalıqla seçilib.
Sənətkarın zəngin yaradıcılığı yüksək dövlət mükafatları ilə dəyərləndirilib. Rəşid Behbudov SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Xalqlar dostluğu” ordenlərinin, eləcə də bir sıra xarici ölkələrin ali mükafatlarının laureatı olmuşdur. O, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 1959-cu ildə SSRİ Xalq artisti, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.
Dünya şöhrətli müğənni və vokal ustası Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat edib və Bakıda Fəxri xiyabanda dəfn olunub. O, Azərbaycan musiqi mədəniyyətinin parlaq simalarından biri kimi yaddaşlarda əbədi qalır və onun yaratdığı ifa məktəbi bu gün də yeni nəsil sənətkarlar üçün örnək olaraq yaşayır.
Tövsiyə edilən ədəbiyyat:
- Nəsirova, Könül. Rəşid Behbudov / K. Nəsirova. - Bakı : Şərq-Qərb, 2017. - 152 s.
- Rəhmanzadə, Fazil Şamil oğlu. Rəşid var olan yerdə... : böyükdən böyük müğənni barədə hekayətlər / F. Ş. Rəhmanzadə ; red., ön sözün müəl. R. B. Hüseynov ; layihənin rəh. Ş. Rəhmanzadə. - Bakı : Apostrof, 2018. - 556 s.
- Son bahar: [Müsahibə və xatirələr] /tərt. və red. C. Cəfərov ; naşir M. Xan ; dizayner F. İlham. - Bakı: Mücrü, 2022. - 110 s.
- Абасова, Эльмира Абдулгамид кызы. Рашид Бейбутов/Э. Абасова; ред. Д. Данилов. - Баку: Азернешр, 1965. - 67 с.