Tribologiya və tribotexnika sahəsində tanınmış azərbaycanlı alim və mütəxəssis Əhəd Canəhmədov
Əhəd Xanəhməd oğlu Canəhmədov 23 oktyabr 1946-cı ildə anadan olmuşdur. O, Azərbaycan mühəndislik elminin inkişafında, xüsusən də tribologiya və tribotexnika (tribologiya - sürtünmə, yeyilmə və yağlamanın qarşılıqlı əlaqələrini öyrənən bir elmdir; tribotexnika isə bu elmi tətbiq edərək texniki sistemlərin və mexanizmlərin dizaynı üçün sürtünmə, yeyilmə və yağlama proseslərini idarə etmək məqsədi daşıyan tətbiqi sahədir) sahəsində xüsusi xidmətləri ilə seçilən alimlərdən biridir.
1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirən Canəhmədov, mühəndislik elminə bağlılığını ilk gündən sübut etdi. Onun elmi axtarışları 1970-1972-ci illərdə SSRİ EA Maşınşünaslıq İnstitutunda aspirantura dövründən başlayaraq yeni istiqamətlərin əsasını qoydu. 1973-cü ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edərək tribologiya üzrə Azərbaycanda ilk elmlər doktoru adını qazandı. 1991-ci ildə isə professor elmi adı verilmişdir.
Onun fəaliyyəti əsasən Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlı olmuşdur. 1973-2011-ci illərdə burada assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış, 1982-1990-cı illərdə isə xarici tələbələrin işi üzrə dekan müavini kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasının “Nəqliyyat mexanikası” kafedrasına rəhbərlik edir.
Canəhmədovun elmi nüfuzu təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də geniş tanınır. O, ABŞ, İngiltərə, Almaniya, Avstriya, Rusiya, Yaponiya, Polşa və başqa ölkələrdə keçirilən konqres və simpoziumlarda məruzələrlə çıxış etmiş, mühəndislik elminin aktual problemlərinə dair dəyərli fikirlərini bölüşmüşdür. Onun qələmə aldığı 400-dən çox elmi əsər, o cümlədən 60-dan artıq monoqrafiya, dərslik və dərs vəsaiti, 30-dan çox patent bu sahənin inkişafına mühüm töhfədir. Xüsusilə “Tribologiyanın əsasları”, “Qazıma maşın və avadanlıqları”, “Tətbiqi mexanika”, “Aviasiya materialşünaslığı” kimi dərslikləri mühəndislik təhsilində əvəzsiz mənbələrdir.
Alimin mühüm elmi nailiyyətləri arasında “Yeyilmənin termomexaniki nəzəriyyəsi” (1988) və “Sürtünmənin elektrotermomexaniki nəzəriyyəsi” (2012) xüsusi yer tutur. Bu əsərlər tribologiyanın nəzəri əsaslarını zənginləşdirməklə yanaşı, praktik mühəndislik proseslərinin də yeni izahını vermişdir.
Əhəd Canəhmədovun fəaliyyəti müxtəlif elmi qurumlarda da yüksək dəyərləndirilmişdir. 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının Baş Elmi katibi və vitse-prezidenti, eyni zamanda Beynəlxalq Mühəndislik Akademiyasının, Gürcüstan, Ukrayna, Rusiya və Qırğızıstan mühəndislik akademiyalarının həqiqi üzvüdür. O, 2013-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü kimi mühüm qərarların qəbulunda iştirak edir.
Canəhmədovun elmi-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətlər onun mükafatlarında da əksini tapır. İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş və qızıl medalları, Amerika Bioqrafiya İnstitutunun mükafatları, Beynəlxalq Mühəndislik Akademiyasının, eləcə də Rusiya elmi qurumlarının orden və medalları, “Rusiyanın əməkdar mühəndisi” fəxri adı onun beynəlxalq miqyasda qəbul olunmuş alim olduğunu göstərir. Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunması isə onun xidmətlərinə dövlət səviyyəsində verilən qiymətin göstəricisidir.
Elm və təhsil sahəsində fəaliyyəti ilə yanaşı, Canəhmədov elmi jurnalların redaksiya heyətlərində də mühüm rol oynamışdır. 2009-cu ildən “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalının baş redaktor müavini, 2013-cü ildən isə Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının baş redaktorudur.
Əhəd Canəhmədovun fəaliyyəti tribologiya və tribotexnika üzrə fundamental tədqiqatların inkişafı, milli mühəndislik məktəbinin formalaşması, beynəlxalq elmi əməkdaşlığın güclənməsi və yeni kadrların yetişdirilməsi ilə səciyyələnir.
Tövsiyə edilən ədəbiyyat:
- Canəhmədov, Əhəd Xanəhməd oğlu. Həqiqətin fəlsəfəsi : Zaman, Məkan, Kainat və Yaranış haqqında elmi-fəlsəfi traktat / Ə. X. Canəhmədov ; red., ön sözün müəl. Z. Abbas. - Bakı : Apostrof, 2016. - 232 s.
- Canəhmədov, Əhəd Xanəhməd oğlu. Mühəndislik fəlsəfəsi : Zaman - Məkan və həyatın mahiyyəti haqqında elmi-fəlsəfi traktat / Ə. X. Canəhmədov ; rus dilindən tərc. İ. Ağakərimov ; elmi red. B. Qusev. - Yenidən işlənmiş nəşr. - Bakı : Apostrof-A, 2020. - 312 s.
- Canəhmədov, Əhəd Xanəhməd oğlu. Kainat haqqında düşüncələr : mühəndislik fəlsəfəsindən yanaşma: elmi-fəlsəfi traktat / Ə. X. Canəhmədov ; elmi red. B. Qusev. - Bakı : Apostrof-A, 2024. – 400.