Tədbirlər

Abuzər Xələfov – 80

Abuzər Xələfov – 80

Abuzər Xələfov – 80

7 dekabr 2011-ci il tarixində Prezident Kitabxanasında tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov A. Xələfovun şərəfli ömür yolundan, elm sahəsində qazandığı uğurlardan, kitabxanaçılığın inkişafındakı rolundan danışıb. Bildirib ki, professor A. Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində elmi məktəb yaradıb, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası ilə bağlı sanballı əsərlər yazıb. Altmış ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olan yubilyar kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informasiya sahələrinin tarixinə və nəzəriyyəsinə dair 250-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə və tədris-metodiki materiallar çap etdirib. Ölkəmizdə kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru olan A. Xələfov indiyədək 20-yə yaxın elmlər doktoru və elmlər namizədi yetişdirib.
Bakı Dövlət Universitetinin əməkdaşları - professor Bayram Allahverdiyev, dosent Elçin Əhmədov, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi, baş müəllim Əliyüsif Məmmədov, Prezident Kitabxanasının şöbə müdirləri Nazim Mustafayev, Zakir İsmayılov yubilyarın elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindən, Azərbaycanda kitabxanaşünaslıq və biblioqrafiya elminə verdiyi sanballı töhfələrdən söhbət açıblar, onu təbrik ediblər.
Tədbirdə “Bakı Universiteti” nəşriyyatında çapdan buraxılmış, ölkəmizin görkəmli elm və mədəniyyət xadimlərinin A. Xələfov haqqında məqalə və xatirələri toplanmış “80 yaşın ucalığı” kitabının təqdimatı keçirilib, alimin əsərlərindən və onun haqqında yazılmış materiallardan ibarət sərgi nümayiş olunub.