2013-cü il mayın 17-də Prezident Kitabxanasında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info web saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib.
İlk olaraq çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, hazırda istifadəçilərin istifadəsinə verilən “İrəvan şəhəri” elektron resursu məhz Azərbaycanın qədim elm və mədəniyyət, eləcə də dini mərkəzlərindən biri olan İrəvan şəhərinə həsr edilib. Kitabxanamızın bölmə müdiri, eyni zamanda Tarix İnstitutunun əməkdaşı olan Nazim Mustafanın qələmə aldığı “İrəvan şəhəri” əsəri tarixi saxtalaşdıranlara qarşı sanballı cavabdır. Bu əsərdə ermənilərin tarixi Azərbaycan torpaqlarına haradan və nə zaman gəldikləri, azərbaycanlılara məxsus torpaqları hansı yollarla ələ keçirdikləri mənbələrə istinadən göstərilir. Bu elektron resursda İrəvan şəhərində azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin erməni vandalları tərəfindən yer üzündən necə silindiyi və yaxud başqa xalqlara məxsus tarixi-memarlıq abidəsi kimi necə qələmə verildiyi ayrı-ayrı faktlarla göstərilir.
Daha sonra Nazim Mustafa qələmə aldığı “İrəvan şəhəri” əsərinin əsasında hazırlanan veb-sayt haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirib ki, materiallar 31 bölmədə qruplaşdırılıb. Əsərin yazılması zamanı 300 ədəbiyyata müraciət edilib ki, onların da təxminən üçdə biri ilk dəfədir ki, elmi-tədqiqat dövriyyəsinə cəlb edilib.
Qeyd edək ki, layihənin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovdur.
Elektron resurs kitabxananın əməkdaşları tərəfindən dizayn edilib və ayrıca iravan.preslib.az domenində yerləşdirilib.