2018-ci il mayın 1-də Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron layihənin təqdimatı olub.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan layihədə toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət layihədə dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın bugünkü həyatı ilə sıx bağlıdır, onun dinamik inkişafını əks etdirən çox zəngin sistemli mənbədir. Aydındır ki, biz son illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yüksək inkişaf dinamikasından bəhs edirik. Bu gün ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrinə diqqət yetirdikdə görürük ki, aparılan köklü islahatların məntiqi nəticəsi kimi gündən-günə daha da möhkəmlənən ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir edir. Azərbaycanın həyatının hər hansı bir sahəsini öyrənmək, ona qiymət vermək istəyən tədqiqatçı-ekspert, istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır. Dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində əsas müəllif, təşəbbüskar və onun ilk mühüm icraçısı təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu baxımdan təqdimatı keçirilən portal çox mühüm mənbə rolunu oynayır. Çünki qeyd edildiyi kimi, bu portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün sahələri öz əksini tapıb, sistemləşdirilib. Burada istər daxili siyasət, istər xarici siyasət, neft diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı, idman, mədəniyyət, təhsil və s. sahələrlə bağlı bütün materiallar xronoloji ardıcıllıqla sistemli şəkildə toplanılıb.
Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki layihələri kimi, bu portal da ölkəmizin həyatının müxtəlif sahələrinin öyrənilməsində mühüm rol oynayacaq.