Tədbirlər

“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib

“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib

“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib

2020-ci ilin yanvarın 10-da Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəçilərə təqdim edilib.
Təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.
Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq yeni layihə haqqında məlumat verib. Bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verir və onlara hamilik edir. Qeyd edilib ki, istifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının I qurultayı ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib, bizim imkanlarımız artıb. Qeyd edib ki, əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir.
Müzakirələrdə çıxış edən digər natiqlər təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.