Tədbirlər

İrəvan xanlığından bəhs edən kitabın ingilis və rus dillərində versiyasının təqdimatı keçirilib

İrəvan xanlığından bəhs edən kitabın ingilis və rus dillərində versiyasının təqdimatı keçirilib

İrəvan xanlığından bəhs edən kitabın ingilis və rus dillərində versiyasının təqdimatı keçirilib

7 oktyabr 2010-cu il Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunmuş “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ingilis və rus dillərində versiyalarının təqdimat mərasimi keçirilib.
Kitabların təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirib ki, kitabın rus və ingilis dillərinə tərcüməsi ilə tariximizin unudulmuş səhifələrinin açılması, itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü və gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması kimi xüsusi layihənin mühüm bir mərhələsi başa çatıb. AMEA-nın prezidenti qeyd edib ki, Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan İrəvan xanlığının tarixindən bəhs edən kitabın ingilis və rus dillərinə tərcüməsi bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib. 
AMEA-nın müxbir üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrin tarixi əhəmiyyətindən, ərsəyə gəlməsindən ətraflı söz açıb.
Alim vurğulayıb ki, uzun müddət İrəvan xanlığının ərazisinə Osmanlı imperiyasından və İrandan köçürülən ermənilər dünya ictimaiyyətinə bu diyarın ən qədim əhalisi kimi təqdim olunub. Bu, tarixin ən böyük saxtakarlığıdır. Lakin Azərbaycan xalqı xəyanətlər və tarixi ədalətsizliklər nəticəsində itirdiyi torpaqlar barədə əsl həqiqətləri unutmur. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minilliklər boyu yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tariximizin ayrılmaz hissəsidir.
Tədbirdə erməni saxtakarlığını, onların qədim Azərbaycan torpaqlarına köçürülmələrini sübut edən arxiv sənədləri və rəsmlər slaydlar vasitəsilə nümayiş etdirilib.
Sonda AMEA-nın prezidenti M. Kərimov kitabın Azərbaycan, rus və ingilis dillərində nəşrlərindən ibarət xüsusi hədiyyəni Prezident Kitabxanasının direktoru M. Əhmədova təqdim edib.