Tədbirlər

“Azərbaycan və İslam dünyası” elektron layihəsinin təqdimatı olub

“Azərbaycan və İslam dünyası” elektron layihəsinin təqdimatı olub

“Azərbaycan və İslam dünyası” elektron layihəsinin təqdimatı olub

2017-ci il iyunun 6-da Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib. O deyib ki, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdirib. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət yüz il öncə məhz Azərbaycanda qurulub. Sovetlər dönəminin bütün dini təzahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrdə belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb.
Daha sonra Mayıl Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron layihə hazırlayıblar.