Tədbirlər

“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib

“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib

“Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib

2024-cü il fevralın 20-də Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib. Nəşr Prezident Kitabxanasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov tariximizin öyərnilməsinin vacibliyini vurğulayıb. O, “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin Qərbi Azərbaycan torpaqlarının öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbirin moderatoru Rəvan Həsənov bildirib ki, 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritədir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib. Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha çox tanış olduğunu diqqətə çatdıran R. Həsənov əlavə edib ki, həmin xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin mənşələri göstərilmişdi. Amma o xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci ilin xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu Azərbaycan, türk mənşəlidir. Xəritənin təkcə elm sahəsində, alimlər arasında deyil, bütün dünya ictimaiyyətinə çatdırılmasının, müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayan BBMM-nin icraçı direktoru deyib ki, artıq bu prosesə başlanılıb. Xəritə rus və ingilis dilinə tərcümə olunur.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında xəritənin nəşr olunmasının ciddi bir addım olduğunu vurğulayıblar. BBMM-in bu istiqamətdə işləri sistemli şəkildə apardığı bildirilib.
Tədbir müzakirələrlə davam edib.