Tədbirlər

XX əsrin faciəsi - Xocalı soyqırımı

XX əsrin faciəsi - Xocalı soyqırımı

XX əsrin faciəsi - Xocalı soyqırımı

2010-cu il fevralın 25-də Prezident Kitabxanasında “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və “Səs” informasiya agentliyinin (SİA) hazırladığı "Xocalı soyqırımı" adlı diskin (DVD) təqdimatı keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər, ziyalılar, bəzi QHT və KİV-lərin rəhbərləri iştirak ediblər. Mərasimdən əvvəl iştirakçılar kitabxananın Oxu zalında Xocalı soyqırımına aid kitablar və onların elektron variantlarının yazıldığı disklərlə tanış olublar.
Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra "Xocalı soyqırımı" adlı videoçarx nümayiş etdirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov xalqımızın ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqda danışıb. Qeyd edib ki, 2007-ci ildən fəaliyyət göstərən kitabxananın elektron nəşri yenilənmiş və materiallar 6 bölmədə qruplaşdırılıb. Bölmələrdə Xocalı şəhidlərinin ümumi siyahısı toplanmış, soyqırımın tanıdılması istiqamətində görülən işlər, faciə barədə yerli və xarici mətbuatda dərc olunmuş materiallar yerləşdirilib.
Xocalı soyqırımına həsr olunan sənədli xronikanın mahiyyətinə toxunan SİA-nın baş direktoru Bəhruz Quliyev bildirib ki, diskin hazırlanmasında məqsəd Xocalı həqiqətlərinə bir daha nəzər salmaq və onu ictimai fikrin yaddaşında möhkəmləndirməkdir.
Natiqlər İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” devizi altında keçirilən beynəlxalq kampaniya çərçivəsində reallaşdırılan tədbirlər haqqında materialları iştirakçıların diqqətinə çatdırıblar.
Çıxışlarda ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı siyasətindən, o cümlədən bəşəriyyətə və insanlığa qarşı olan Xocalı faciəsinin dəhşətlərindən danışıblar.