16 iyun 2010-cu il Prezident Kitabxanasında Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun son dövrlərdə nəşr etdirdiyi kitabların sərgisi və onların Prezident Kitabxanasında hazırlanmış elektron versiyalarının təqdimatı keçirilib.
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən tədbirdə kitabxananın direktoru Mayıl Əhmədov informasiya cəmiyyətində yeni texnologiyalar əsasında elektron resursların yaradılmasının, müxtəlif istiqamətlər üzrə nəşrlərin elektron versiyalarının hazırlanmasının əhəmiyyətindən danışıb. Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasında əsas məqsəd ölkəmizin tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, Ermənistan-Azərbaycan münaqişəsi, ümumiyyətlə, Azərbaycanın tarixi keçmişi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd olunub ki, Prezident Kitabxanası istər ölkəmizdə, istərsə də ölkəmizdən xaricdə Azərbaycan oxucusu üçün kitabların əldə edilərək kitabxananın fonduna daxil edilməsi istiqamətində zəruri işlər görür. AMEA A. Bakıxanov adına Tarix İnstitutunun 2004-cü ildən bu günə kimi Azərbaycan tarixinə aid 100-dən çox kitabının elektron variantı hazırlanaraq kitabxananın saytında yerləşdirilib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov bu layihəni Azərbaycan tarixçilərinin əməyinə verilən ən böyük töhfə adlandırmışdır. Prezident Kitabxanasına minnətdarlığını bildirən Y. Mahmudov bu gün informasiya müharibəsi şəraitində Azərbaycan tarixinə aid kitabların elektron versiyalarının hazırlanmasını çox böyük hadisə adlandırıb. Qədim Azərbaycan torpaqları haqqında məlumatı dünyaya çatdırmaq üçün çox mühüm işlərin görülməsinin vacibliyini vurğulayan tarixçi belə tədbirlərin təqdirəlayiq olduğunu söyləyib.
Qeyd olunub ki, artıq tədqiqatçılar internet vasitəsilə kitabların elektron versiyası ilə tanış ola biləcəklər.