2016-cı ilin iyun ayının 9-da Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı tammətnli elektron nəşrin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. Qeyd edilib ki, elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları təqdim olunan elektron nəşrin əhəmiyyətindən, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi ilə mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələrdən, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərdən, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfədən danışıblar.