18 yanvar 2010-cu ildə Prezident Kitabxanası tərəfindən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı elektron layihənin təqdimatı keçirilib.
Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, 1990-cı ilin yanvarında Bakıda və Azərbaycanın bəzi rayonlarında törədilən qanlı qırğınlardan 20 il ötür. Bu müddətdə 20 Yanvar faciəsinin baş verməsinin səbəbləri, onun miqyası, ibrət dərsləri haqqında bir sıra tədqiqatlar aparılıb, məqalələr və kitablar yazılıb, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qanlı hadisəyə ölkənin ali qanunvericilik orqanı tərəfindən siyasi-hüquqi qiymət verilib.
1990-cı ilin yanvarında törədilən qanlı aksiya zamanı 147 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs edildiyini diqqətə çatdıran M. Əhmədov, bunun xalqımıza qarşı sovet hakimiyyəti illərində həyata keçirilən qətliamların sonuncu mərhələsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında kəskin surətdə pisləyib, əliyalın xalqın gülləbaran edilməsini hüquqa, demokratiyaya, insanlığa zidd aksiya kimi qiymətləndirib.
Sonra Kitabxana tərəfindən hazırlanmış elektron layihə barədə ətraflı məlumat verilib.
Kitabxananın direktoru vurğulayıb ki, 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu virtual məkanda ilk dəfə olaraq internet istifadəçilərinə təqdim olunub və bu elektron layihə mütəmadi olaraq yenilənəcəkdir. Azərbaycan, rus və ingilis dillərində hazırlanmış layihə həm yerli, həm də əcnəbi tədqiqatçılar, habelə mövzu ilə maraqlanan digər şəxslər üçün əvəzsiz mənbə rolunu oynayacaq.