
Prezident Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan. Dövlət rəmzləri və atributları” adlı elektron layihədə müstəqil Azərbaycanın dövlət rəmzlərinin — bayraq, gerb və himnin yaranma tarixinin strukturlaşdırılmış şəkildə təqdimatı verilir və milli rəmzlərin bərpasına dair atılan addımlar xronoloji ardıcıllıqla göstərilir. Elektron resursda dövlət rəmzləri və atributları ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq müasir dövrədək qəbul edilmiş qərar, qanun, fərman və sərəncamlar Azərbaycan, ingilis və rus dillərində toplanaraq müvafiq dövrlər üzrə ardıcıl şəkildə qruplaşdırılmışdır. Layihədə, həmçinin, Azərbaycanın xanlıqlar dövrünə aid bayraqlar, çar Rusiyası hakimiyyəti illərində ölkə ərazisində mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, eləcə də sovet hakimiyyəti dövründə Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar sistemləşdirilmişdir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş şəkildə təbliğ olunması vətəndaşlarda Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin formalaşmasına, onların milli kimlik və vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə mühüm töhfə verir.