
1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qanlı faciələrindən biri kimi tarixə düşmüşdür. Prezident Kitabxanası tərəfindən hazırlanmış “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tammətnli elektron resursa daxil edilən materiallar doqquz bölmə üzrə qruplaşdırılmışdır. Bu bölmələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa tarixçəsi, Xocalı soyqırımının miqyası, istintaq materialları, zərərçəkmişlərin ifadələri, tibbi ekspertiza rəyləri, Xocalı şəhidlərinin siyahısı və digər əlaqəli məlumatlar təqdim olunmuşdur. Layihədə, həmçinin, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən fəaliyyətlər, qəbul edilmiş qərarlar, beynəlxalq təşkilatlara ünvanlanmış müraciətlər və faciənin beynəlxalq hüquq normaları baxımından soyqırım kimi qiymətləndirilməsini əks etdirən sənədlər toplanmışdır.