
Azərbaycan diplomatiyasının keçdiyi tarixi yolu işıqlandırmaq və təbliğ etmək məqsədilə Prezident Kitabxanasının hazırlağı “Azərbaycan diplomatiyası” adlı elektron layihə internet istifadəçilərinə təqdim edilib. Dövlətçilik ənənələrimizin, dövlət rəmzlərinin və atributlarının, dövlətçilik tariximizin xüsusi səhifəsi olan diplomatiya tarixinin öyrənilməsində və təbliğində bu layihənin əhəmiyyəti böyükdür. Layihənin “Ümumi məlumat” və “Diplomatiya tarixi” bölmələrində qədim dövrlərdən başlayaraq günümüzədək Azərbaycan diplomatiya tarixinin əsas mərhələləri – Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovetlər dövrü, müstəqillik dövrü haqqında məlumat, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair materiallar və sənədlər toplanmışdır. Elektron resursun “Konvensiyalar” böməsində Azərbaycan Respublikasının qoşulduğu müqavilələrin, sazişlərin, konvensiyaların tam mətni təqdim olunur. “E-Resurslar” bölməsində kitabxananın fondunda saxlanılan Azərbaycan və rus dillərində olan kitabların elektron versiyası, qəzet və jurnallardan seçilmiş məqalələrin tam mətnləri verilmişdir. Layihənin “Biblioqrafiya” bölməsində Prezident Kitabxanasının fondunda olan xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiyaya dair kitabların, qəzet və jurnal məqalələrinin, avtoreferatların biblioqrafiyası təqdim edilir.