Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, illər keçsə də unudulmur, hörmət və ehtiramla xatırlanırlar. Belə şəxsiyyətlərdən biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov). Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixi sahəsində mühüm tədqiqatlar aparmış, bu mövzularda 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi-publisistik məqalə və müxtəlif dövri mətbuat yazılarının müəllifi olmuşdur. Onun elmi fəaliyyətinin əsas prioritetlərini türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslıq və mənbəşünaslığın aktual problemləri təşkil edir. Ənvər Çingizoğlu ömrünün 30 ilini regional etnoqrafiya və folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və nəşrinə həsr etmiş, bu sahədə mühüm irs qoyub getmişdir.