Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri
İncəsənət fondu
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri
Azərbaycan Milli Xalça Muzeyi kiçik, lakin çox maraqlı zərgərlik kolleksiyasına, o cümlədən 800-ə yaxın eksponata malikdir. Onların əksəriyyəti XIX əsrin sonu - XX əsrin əvvəlinə aiddir, ən qədimləri isə bürünc dövründə (e.ə. IV-II minilliklər) hazırlanmışdır. Kolleksiyada qadın bəzəklərinin demək olar ki, bütün növləri təqdim olunur – sırğalar, bilərziklər, üzüklər, sancaqlar, düymələr. Onlar müxtəlif deşmə, ştamplama, oyma üsulları ilə hazırlanmışdır.
Zərgərlər dekorativ-tətbiqi sənətin digər növlərinin nümayəndələri kimi öz yaradıcılığında doğma təbiətdən ilham almış, artıq formalaşmış sənət ənənələrini inkişaf etdirmiş və təkmilləşdirmişlər. Ustaları əhatə edən hər şey - bitkilər, heyvanlar, quşlar zərgərlik nümunələrinin təsvirlərində əks olunurdu. Muzeyin zərgərlik kolleksiyasının əksər hissəsini (təxminən 600 nümunə) əsasən qadın bəzəkləri təşkil edir. Bundan əlavə, muzeyin fondunda az miqdarda ev əşyaları, həmçinin kişi bəzək əşyaları mövcuddur. Bunlara kişi üst geyimi olan çuxanın ayrılmaz atributları sayılan ənənəvi qızıl, gümüş kəmərlər və vəznələr daxildir. Azərbaycan Milli Xalça Muzeyinin zərgərlik kolleksiyası yalnız xalqın maddi mədəniyyətinin yüksək səviyyəsindən xəbər vermir, eyni zamanda onun həmişə gözəlliyə olan həvəsini, dünyanın gözəlliyini və harmoniyasını görmək bacarığını göstərir. Bu, sənətkarların işlərində öz əksini tapır.