Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi, dövlətçilik ənənələrinin qorunmasında əvəzolunmaz xidmətləri, uğurlu daxili və xarici siyasəti ilə liderlik nümunəsinə çevrilən Prezident İlham Əliyevlə çətin, məsuliyyətli, bir o qədər də şərəfli yolda birgə addımlayır. Vətənə bağlılıq, dövlətçiliyə sadiqlik, milli maraqların müdafiəsi, xalqın qayğı və problemlərinə həssas yanaşma onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycan mədəniyyətinin təbliğində, xalqımızın maddi-mədəni, tarixi irsinin qorunub saxlanılmasında, ölkə vətəndaşlarının sosial-iqtisadi problemlərinin həllində fəal iştirak edən birinci xanım ümummilli liderin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin yaxın silahdaşı, ən böyük dəstəkçisidir. O, Azərbaycanın xoş gələcəyi naminə qarşısına qoyduğu aydın məqsədlərə çatmaq üçün böyük əmək sərf edir. İnsansevərlik, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, humanistlik kimi mənəvi dəyərləri hər şeydən uca tutaraq öz fəaliyyətində bu prinsipləri əsas meyara çevirən Mehriban xanım Əliyeva dövlətimizə, dövlətçiliyimizə, xalqımıza sədaqətlə xidmət edir.