Virtual sərgi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, XX əsr klassik şairi Əliağa Vahidin zəngin ədəbi irsinə həsr olunmuşdur. Sərgidə Azərbaycan poeziyasında qəzəl janrının müasir mərhələdə inkişafında mühüm rol oynamış şairin həyat və yaradıcılıq yolu əhatəli şəkildə təqdim edilir. Əliağa Vahid klassik Şərq poeziyasının, xüsusilə Füzuli ədəbi məktəbinin ənənələrini qoruyaraq, qəzəli xalq ruhu, canlı danışıq dili və dövrün ictimai-mənəvi problemləri ilə zənginləşdirmişdir. Virtual sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş kitabları, seçilmiş qəzəlləri, yaradıcılığına dair tədqiqat əsərləri, xatirələr yer alır.