“Album Deutscher Lyrik. Lieder und Romanzen” (Alman lirikası albomu. Mahnılar və romanslar) — XIX əsrin sonlarında Leypsiqdə işıq üzü görmüş, nəfis tərtibatı ilə seçilən alman nəşridir. Kitab alman dilində çap olunmuşdur və alman ədəbiyyatı klassiklərinin poetik əsərlərindən — mahnılar və romanslardan ibarət bir topludur. Nəşrə xüsusi dəyər verən cəhətlərdən biri də dövrün görkəmli rəssamları tərəfindən işlənmiş çoxsaylı illüstrasiyalardır. Nəşr litoqrafiya texnologiyası ilə çap olunmuşdur. Kitabın nəfis işlənmiş üz qabığı, qızılı ştamplarla bəzədilməsi və XIX əsrin sonuna xas dekorativ tərtibatı onun nadir və qiymətli nüsxə olduğunu vurğulayır. Bu antologiya təkcə ədəbi deyil, həm də bədii, poliqrafik dəyərə malikdir və kitabxanamızın Nadir ədəbiyyat fondunda yer alır.