Heidenröslein

Nadir kitablar fondu

Heidenröslein

Heidenröslein
“Heidenröslein. “Lieder von Liebeslust und Frühlingsfreud” (“Çöl qızılgülü”) alman naşiri və şairi Karl Zettelin 1893-cü ildə Ştutqartda alman dilində nəşr olunmuş şeirlər toplusudur. Bura daxil edilən məşhur alman şairlərin şeirləri son romantizm ənənələri əsasında yazılıb, sevgi, baharın gəlişi və həyat sevinci mövzularına həsr olunub. Toplunun adı — «Heidenröslein» («Çöl qızılgülü») — saflığın, məsumluğun və duyğuların keçici gözəlliyinin rəmzi olan romantik bir çiçək obrazına işarə edir. Antologiyaya daxil olan şeirlər, emosional dərinlik, duyğuların səmimiyyəti və təbiətə heyranlıqla doludur. İncə hisslərin, xəyalpərəstliyin və mənəvi səmimiyyətin dünyasına müraciət edərək, şeirlər xüsusilə qadın oxucu kütləsi arasında maraq doğurdu və sevilən hədiyyə nəşrinə çevrildi. Toplu XIX əsrin sonlarına aid nəfis kitab nəşrlərinin parlaq nümunəsidir. Kompakt format, bədii illüstrasiyalar, qızıl naxışlı parça bağlama, qızıl işlənmiş kənar və orijinal üz qabığı onun estetik dəyərini vurğulayır. Kitabxanamızın Nadir fondunda saxlanılan nüsxə yalnız ədəbiyyat əsəri olaraq deyil, eyni zamanda öz dövrünün kitab mədəniyyəti abidəsi kimi maraq doğurur; burada poetik məzmun və incə bədii tərtibat ahəngdar şəkildə birləşir.