“Der Oberhof” kitabı — tanınmış alman yazıçısı Karl İmmermann tərəfindən qələmə alınmış, məşhur alman rəssamı Benyamin Votyenin (Benjamin Vautier) illüstrasiyaları ilə müşayiət olunan nəşrdir. Bu zəngin tərtibatlı nəşr XIX əsrin sonunda Berlin və Leypsiq şəhərlərində alman dilində çap olunmuşdur. Əsər alman kənd həyatının ab-havasını, onun adət-ənənələrini, əxlaqını və yaşayış tərzini əks etdirən realist nəsr nümunəsidir. Müəllif kəndli ailəsinin taleyi üzərindən ənənəvi kənd məişətini və kənd cəmiyyətinin mənəvi dəyərlərini canlandırır. Janr rəssamlığı üslubunda işlənmiş illüstrasiyalar kitaba xüsusi bədii ifadəlilik qazandırır və onun etnoqrafik, həmçinin mədəni əhəmiyyətini daha da artırır. Nəşr XIX əsr alman ədəbi ənənəsinin bir nümunəsi kimi maraq doğurur və kitabxanamızın Nadir ədəbiyyat fondunda saxlanılan qiymətli əsərlərdən biridir.