“Danışan oyuncaqlar” (“Les Joujoux parlants”) — XIX əsrin sonlarına aid, parlaq və zərif tərtibatlı, fransız dilində nəşr olunmuş uşaqlar üçün kitabdır. Avropa nağıl ədəbiyyatının ən yaxşı ənənələri ruhunda yazılmış bu əsər azyaşlı oxucular üçün nəzərdə tutulub. Kitabın müəllifi Kamill Lemonye uşaqları oyuncaqların canlandığı, danışdığı, xəyallarla, mərhəmətlə və macəralarla dolu maraqlı hekayələrin qəhrəmanına çevrildiyi sehrli bir dünyaya dəvət edir. Kitab dövrünün istedadlı rəssamları tərəfindən çəkilmiş 31 illüstrasiya ilə bəzədilib. Bu illüstrasiyalar nəşri əsl sənət əsərinə çevirir. Dəbdəbəli tərtibatı, zəngin cildi və incə poliqrafiyası kitaba yalnız estetik deyil, həm də kolleksiya dəyəri qazandırır. Nəşr Parisdə məşhur Gettsel mətbəəsində çap olunmuşdur. Kitab tərbiyəvi, əyləncəli və maarifləndirici məqsədlə hazırlanmışdır. Bu gün “Danışan oyuncaqlar” mədəni irsin tərkib hissəsi kimi kitabxanamızın Nadir fondunda qorunan uşaq ədəbiyyatının dəyərli nümunəsidir.