Prezident Kitabxanasının «Nadir kitablar» virtual kolleksiyası müxtəlif dövrləri, dil ənənələrini və dünya ədəbiyyatı ilə tarixi fikrin istiqamətlərini əks etdirən beş dəyərli nəşrlə zənginləşdi. Yeni əlavələr XIX əsrin sonu — XX əsrin əvvəllərinin Avropa mədəni və intellektual həyatının zənginliyini əks etdirir, bədii, elmi-populyar və tarixi əsərləri birləşdirərək öz dövrünün mənəvi və elmi axtarışlarının genişliyini və dərinliyini üzə çıxarır.
Kolleksiyaya ingilis yazıçısı və ilahiyyatçısı Frederik Vilyam Farrarın 1899-cu ildə Londonda ingilis dilində nəşr edilmiş «Julian Home: A Tale of College Life» («Culian Hom: tələbə həyatından povest») romanı daxil edilib. Müəllif bu əsərində Viktoriya dövrü İngiltərəsinin universitet mühitinin atmosferini açır və gənc nəslin mənəvi axtarışlarını dərindən mənalandırır.
Elmi-maarifçilik istiqaməti fransız müəllif Pol Qzelin XIX əsrin sonunda Parisdə fransız dilində nəşr olunmuş «Histoires instructives» («Öyrədici hekayələr») məcmuəsi ilə təmsil olunur. Burada ətraf dünyanın mürəkkəb hadisələri bədii təsvir elementlərini idraki məzmunla birləşdirərək anlaşıqlı və cəlbedici bir dillə izah edilir.
Xüsusi yer böyük danimarkalı nağılçı Hans Xristian Andersenin 1906-cı ildə Stokholmda İsveç dilində nəşr edilmiş «Sager och berättelser» («Nağıllar və hekayələr») məcmuəsinə aiddir. Topluda dərin humanizmi, incə psixologiyası və parlaq obrazlılığı ilə seçilən, dünya klassik ədəbiyyatının ayrılmaz hissəsinə çevrilmiş əsərlər yer alıb.
Macəra janrının həvəskarlarına fransız yazıçısı Qabriel Ferrinin 1899-cu ildə Parisdə fransız dilində nəşr edilmiş «Les dernières aventures de Bois-Rosé» («Bua-Rozenin son macəraları») romanı ünvanlanıb. Əsərdə Şimali Amerikanın ilk kəşfçilərin və ovçuların dünyası canlı şəkildə təsvir edilir, azadlıq ruhu və səyahət romantikası əks olunur.
Kolleksiyanın yeni əlavələrini 1912–1913-cü illərdə Moskvada rus dilində nəşr edilmiş «Üç əsr. Smuta dövründən bizim dövrümüzə qədər Rusiya» fundamental tarixi nəşri tamamlayır. Bu əsər Rusiyanın üç yüz il ərzindəki ictimai-siyasi və mədəni həyatının əsas hadisələrini əhatə edən genişmiqyaslı bir tədqiqatdır.
Təqdim olunan nəşrlər Avropa kitab mədəniyyətinin dəyərli nümunələridir və öz dövrünün ədəbi və elmi ənənələrinin müxtəlifliyini aydın şəkildə əks etdirir. Onların virtual kolleksiyaya daxil edilməsi istifadəçilərin dünya fikrinin inkişafı və mədəni irs haqqında təsəvvürlərinin genişlənməsinə kömək edir və müxtəlif janrlara, ölkələrə və intellektual istiqamətlərə aid əsərləri vahid bir məcmuədə birləşdirir.