27 avqust 2026-cı il tarixində Prezident Kitabxanasının İncəsənət ədəbiyyatı zalında Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi gününə həsr olunmuş “Milli Musiqi İrsi və Mənəvi Dəyərlər Missiyası Prezident Kitabxanasında” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova muğam sənətinin milli kimliyimizin və zəngin mədəni yaddaşımızın ali ifadəsi olduğunu vurğulayıb. O, Beynəlxalq Azərbaycan Muğamı Gününün əhəmiyyətindən danışaraq, bu irsin dünya səviyyəsində tanınmasında, UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsində və keçirilən muğam müsabiqələri vasitəsilə gənc istedadların yetişməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Afət xanım Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib humanitar missiyasına, xüsusilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sonsuz diqqət və mərhəmətə toxunaraq, bu humanist dəyərlərin cəmiyyətimiz üçün əsl örnək olduğunu diqqətə çatdırıb. Natiq həmçinin qeyd edib ki, bu gün azad Laçında və işğaldan azad edilmiş digər tarixi torpaqlarımızda muğamımızın yenidən ucalması mənəvi dirçəlişimizin və mədəni zəfərimizin təntənəsidir. Giriş nitqindən sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Əyyubovanın ifaları ilə muğamımızın incəlikləri qonaqlara təqdim olunub.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev, Xalq rəssamı, akademik Ömər Eldarov, Xalq artisti Mələkxanım Əyyubova, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxış edərək milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi barədə dəyərli fikir və mülahizələrini bölüşüblər.
Fəxri qonaqlardan general-mayor Arif Həsənov və polkovnik Anar Mirzəyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, qəhrəman zabit və əsgərlərimizin misilsiz şücaətindən söz açıblar. Natiqlər xüsusilə vurğulayıblar ki, dünən — avqustun 26-da böyük qürurla qeyd edilən Laçın Şəhəri Günü, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması qəhrəman Ordumuzun qüdrətinin və xalqımızın sarsılmaz birliyinin bariz təntənəsidir.
Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva isə çıxışında Mərkəzin təşkilatçılığı ilə “Vətənə açılan kiçik ürəklər” layihəsi çərçivəsində təqdim olunan və böyük maraqla qarşılanan “Azərbaycan qadını” mahnısının ərsəyə gəlmə tarixi və yaradıcılıq prosesi barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü münasibətilə həmin mahnıya çəkilmiş videoçarx ilk dəfə məhz Prezident Kitabxanasında təqdim olunub. Ardınca əsər müğənni Elnur Məmmədov və 3 nömrəli İnternat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında səsləndirilib.
Daha sonra “Vətənə açılan kiçik ürəklər” layihəsinin iştirakçılarına təşəkkürnamələr təqdim edilib.
Sonda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.