Xəbərlər

Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezident Kitabxanasına dərs və metodiki vəsaitlər hədiyyə edib

Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezident Kitabxanasına dərs və metodiki vəsaitlər hədiyyə edib

Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezident Kitabxanasına dərs və metodiki vəsaitlər hədiyyə edib

Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezident Kitabxanasına 24 adda 120 nüsxədən ibarət dərs vəsaiti və metodiki nəşr hədiyyə etmişdir. Hədiyyə edilən nəşrlər təhsilin müxtəlif pillələri və istiqamətləri üzrə müasir elmi-nəzəri yanaşmaları və metodiki təcrübəni əhatə etməklə kitabxananın elmi-tədris fondunun zənginləşdirilməsinə yönəlib.

Nəşrlər ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması, təlim-tərbiyə prosesinin metodik əsasları, qiymətləndirmə mexanizmləri, müəllim peşəkarlığının artırılması, inklüziv təhsil mühitinin formalaşdırılması, psixoloji xidmətin təşkili, peşəyönümü fəaliyyəti və distant təhsilin tətbiqi kimi aktual istiqamətləri əhatə edir. Bununla yanaşı, vəsaitlərdə müasir informasiya texnologiyalarının təhsildə istifadəsi, proqram təminatının inkişafı, süni intellekt və idarəetmə yanaşmaları ilə bağlı nəzəri və praktik məsələlərə də yer ayrılıb. Ayrı-ayrı nəşrlərdə isə milli-mədəni irsin tədris prosesində əksi, o cümlədən Şuşanın ədəbi-mədəni, elmi və tarixi mühitinə dair materiallar təqdim olunur.

Prezident Kitabxanasının fonduna daxil edilən bu vəsaitlər pedaqoqlar, tədqiqatçılar və təhsil sahəsində çalışan mütəxəssislər üçün etibarlı elmi-metodik mənbə kimi nəzərdə tutulur və oxucuların istifadəsinə verilir. Nəşrlər təhsil sahəsində aparılan elmi araşdırmaların dərinləşdirilməsinə, metodiki yanaşmaların təkmilləşdirilməsinə və elmi biliklərin əlçatan olmasına xidmət edir.

Prezident Kitabxanasının rəhbərliyi göstərilən diqqətə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürünü bildirir və bu təşəbbüsü təhsil sahəsində elmi-metodik resursların zənginləşdirilməsi, peşəkar mühitin inkişafı və bilik mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirir.