Xəbərlər

Prezident Kitabxanasında Niyaziyə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Niyaziyə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Niyaziyə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında görkəmli Azərbaycan dirijoru, bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının ildönümü münasibətilə kitab sərgisi təşkil olunub. Sərginin keçirilməsində məqsəd Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan sənətkarın zəngin yaradıcılıq irsinin təbliği və onun çoxşaxəli fəaliyyətinin oxuculara çatdırılmasıdır.

Sərgidə Niyazinin öz əsərləri, not nəşrləri, həmçinin haqqında yazılmış monoqrafiyalar və digər dəyərli nəşrlər nümayiş etdirilir. Təqdim olunan materiallarda sənətkarın dirijorluq fəaliyyəti, bəstəkarlıq yaradıcılığı, Azərbaycan musiqi sənətinin inkişafına verdiyi töhfələr, eləcə də dünya musiqi mədəniyyətində qazandığı mövqe haqqında məlumatlar əksini tapıb.

Niyazi Azərbaycan professional musiqisinin inkişafında özünəməxsus dəst-xətti ilə seçilən sənətkarlardan biridir. Onun yaradıcılığında milli musiqi ənənələri ilə dünya klassik musiqisinin nailiyyətləri üzvi şəkildə əlaqələndirilmişdir. “Rast” simfonik muğamı bəstəkarın yaradıcılığının ən parlaq nümunələrindən biri olmaqla yanaşı, Azərbaycan musiqisinin dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayıb. Niyazinin dirijor kimi fəaliyyəti də Azərbaycan ifaçılıq məktəbinin inkişafında əhəmiyyətli mərhələ təşkil edir.

Kitab sərgisi istifadəçilərə Niyazinin həyat və yaradıcılığı ilə bağlı nəşrlərlə yaxından tanış olmaq, görkəmli sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin irsi daha ətraflı öyrənmək imkanı yaradır.